"50 manat ödəməklə evinizi 25 min manatlıq sığortalayın"

5-03-2019, 13:23
A+
A-

Son günlər baş verən bəzi hadisələr – subasmalar, əmlakların müəyyən səbəblərdən yanması sığorta məsələsini yenidən gündəmə gətirib.

Sığorta mütəxəssisi Nicat Əlibəyli Fins.az-a bildirib ki, ölkədə daşınmaz əmlakın icbari sığortası hələ 2012 ci ildən qüvvədə olsa da, bu istiqamətdə əfsus ki, bir o qədər də aktivlik hiss olunmur:

"Avtomobillərin icbari sığortasında cərimə mexanizminin olması və vətəndaşların əsasən bu sığorta növü haqqında kifayət qədər məlumatlı olması bu sığorta növünü çox populyarlaşdırıb. Hesab edirəm ki, ötən illərə nisbətdə vətəndaşlar artıq avtomobillərin icbari sığortası haqqında daha da məlumatlıdırlar. Evlərin icbari sığortalanması prosesinin zəif olması isə vətəndaşların bu istiqamətdə məlumatsızlığı və cərimə mexanizminin olmaması kimi də dəyərləndirilə bilər”.

N.Əlibəyli əlavə edib: “Hər bir vətəndaş bilməlidir ki, daşınmaz əmlakın da sığortası icbaridir və il ərzində bölgələrdən asılı olaraq 30- 50 manat ödəməklə evlərini 15000-25000 manatlıq sığortalatdıra bilərlər. Daşınmaz əmlakın icbari sığortasını almağa tələsin. Bakı şəhərində 50 manat ödəməklə sığorta şirkəti sizin qarşınızda 25 min manatlıq öhdəçilik daşıyır və 250 manat franşiza tətbiq olunur”. “Sığorta hadisəsi baş verdiyi təqdirdə (yanğın, təbii fəlakət olan fırtına, qasırğa, dolu, daşqın, sel, su basması, sürüşmə, torpaq çökməsi, zəlzələ, ildırım vurması, daxili su basması və s.) sığorta şirkəti tərəfindən sizə müəyyən ödəniş edilir” - deyə Nicat Əlibəyli qeyd edib.