“British Council və Böyük Britaniya Səfirliyi Birləşmiş Krallığın Məzun Mükafatlarının Azərbaycandakı finalçılarını qeyd edir”

11-12-2019, 20:27
A+
A-

British Council və Böyük Britaniya Səfirliyi böyük məmnuniyyətlə "Study UK" məzun mükafatlarının Azərbaycandakı 2019-cu il üzrə on finalçısını elan edir.

On finalçımız iş adamı, sahibkar və ictimai xadim kimi əldə etdikləri böyük nailiyyətlərin, eləcə də Birləşmiş Krallıqla Azərbaycan arasında mövcud olan əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə verdikləri mühüm töhfələrin nəzərə alınması ilə dünyanın hər yerindən müraciət etmiş 1200-dən artıq müraciətçi arasından seçilib. Mükafatı qazanmış qaliblərdən üçü 13 dekabr tarixində Alov Qüllələri – "Hotel Fairmont Baku"da keçiriləcək mərasimdə elan ediləcək.

British Council mükafatlandırma mərasimi rəsmi Facebook səhifəsində canlı olaraq yayımlanacaq. KİV nümayəndələri də 13 dekabr tarixi, saat 18:10-da "Hotel Fairmont Baku"nun Nizami Gəncəvi zalında keçiriləcək bu tədbirdə iştirak etməyə dəvətlidirlər.  Bu nüfuzlu beynəlxalq mükafat Birləşmiş Krallığın ali təhsil imkanlarını və bütün dünyadakı Birləşmiş Krallıq məzunlarının nailiyyətlərini qeyd etmək üçün nəzərdə tutulub. 
Qeyd edək ki, təqdim edildiyi beşinci ildə bu mükafatı əldə etmək üçün 100-dən çox ölkədən olan və Birləşmiş Krallığın 120-dan artıq ali təhsil müəssisəsini təmsil edən 1200-dən artıq Birləşmiş Krallıq məzununun ərizəsi daxil olub.

Azərbaycanda 2019-2020-ci illəri üzrə "Study UK" Məzun Mükafatları British Council, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və BP Azərbaycan tərəfindən təqdim olunur. Fəaliyyət göstərdikləri peşə sahəsində nümunəvi liderliklə seçilən məzunlara verilən Peşəkar Nailiyyət mükafatının finalçıları aşağıdakılardır:

• Elvin Balacanov - Lids Universitetinin məzunu, • Tural Qulu - Şeffild Universitetinin məzunu, • Orxan Kərimzadə - London İmperial Kollecinin məzunu. 

İnnovasiyalar, həll yolları və ya biznes imkanları ilə bağlı aparıcı rol oynayan məzunlara təqdim edilən Sahibkarlıq Mükafatının finalçıları aşağıdakılardır:

• Tural Abbasov - London Metropolitan Universitetinin məzunu, • Murad Muradov - London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin məzunu, • Cəfər Nəcəfov - Koventri Universitetinin məzunu.

Müsbət sosial dəyişikliklərin həyata keçirilməsinə müstəsna töhfəsini vermiş məzunları qiymətləndirən Sosial Təsir Mükafatının finalçıları aşağıdakılardır:

• Sövqət Azimova - Bristol Universitetinin məzunu, • Zümrüd Cəlilova - Bristol Universitetinin məzunu, • Nərmin Şahbazova - Birminhem Universitetinin məzunu, • Sənan Yusifov - Qlazqo Universitetinin məzunu.

Bu ilin ilham verici finalçıları haqqında daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkə nəzər sala bilərsiniz:
https://www.britishcouncil.az/study-uk/alumni-awards-2020

Azərbaycanda mükafatın hər bir kateqoriyasının qalibləri seçdikləri peşəkar inkişaf imkanına xərcləmək üçün 3000 funt-sterlinq (6700 AZN) məbləğində mükafat və Birləşmiş Krallığa uçuş bileti əldə edəcəklər.

Böyük Britaniyanın Azərbaycan Respublikasındakı Səfiri cənab Ceyms Şarp qeyd edib:
"Study UK" Məzun mükafatlarının finalçılarını seçmək həddən artıq çətin idi. Azərbaycanda Birləşmiş Krallıqda təhsil almış və əldə etdikləri bilik və bacarıqlardan ölkələrinin inkişafını dəstəkləmək üçün istifadə edən bir çox istedadlı insan var. Mən onların hamısını alqışlayır və hər birinə böyük uğur arzu edirəm".

British Council təşkilatının ölkə üzrə direktoru Samr Şah bildirib:
"Azərbaycanda "Study UK" Məzun Mükafatlarının finalçıları kimi seçilmiş istedadlı məzunlar Birləşmiş Krallıqda aldıqları təhsili seçdikləri karyera yolunda uğur qazanmaq və dünyanı dəyişmək üçün başlanğıc nöqtəsi kimi götürüblər. Bu ilin finalçıları yalnız Birləşmiş Krallıq məzunlarının müxtəlifliyinin və onların göstərdiyi səyin deyil, Britaniya təhsil sisteminin dünyanı dəyişən gücünün dəlilidir".

Bildirək ki, məzun mükafatları British Council və Birləşmiş Krallıq universitetləri tərəfindən hazırlanıb və British Council tərəfindən 2014-cü ilin sentyabrından həyata keçirilir. Mükafatları almaq üçün hazırda Birləşmiş Krallıqdan kənarda istənilən ölkədə yaşayan, Birləşmiş Krallığın universitet təhsili verən rəsmi şəkildə qəbul edilmiş təhsil müəssisəsində bakalavr və ya daha yüksək dərəcə almaq üçün ən az bir semestr ərzində tələbə kimi qeydiyyatdan keçmiş, yaxud son 15 il ərzində Birləşmiş Krallıq universitetində tam bakalavr (və ya daha yüksək) dərəcəsi almış məzunlar müraciət edə bilər. Qalib və finalçılar Birləşmiş Krallıq universitetlərində təhsil almaq təcrübələrini öz cəmiyyətlərinə, peşə istiqamətlərinə və ölkələrinin inkişafına müsbət töhfələr vermək üçün istifadə etmiş və öz sahələrində lider olan şəxslərdir. Məzun Mükafatları Birləşmiş Krallıqda verilən ali təhsilin təsirini və yaratdığı dəyəri qeyd edir və nümayiş etdirir və Birləşmiş Krallıq məzunlarının, onların təhsil aldığı universitetlərin və ümumilikdə Britaniya təhsil sisteminin profilini və nüfuzunu qaldırır.

Mükafatlar isə üç kateqoriya üzrə təqdim edilir:

1.Peşəkar Nailiyyət Mükafatı: fəaliyyət göstərdikləri peşə sahəsində nümunəvi liderlik və qazandığı uğurlarla həmin və ya digər sahələr üzrə müsbət təsiri yaratmış məzunlara verilir.

2.Sahibkarlıq Mükafatı: innovativ və yaradıcı ideyalara sahib, eləcə də güclü inkişaf potensialı yaradacaq biznes imkanlarını irəli sürmək və ya onları dəstəkləmək baxımından fəal olan məzunlara verilir.

3.Sosial Təsir Mükafatı: cəmiyyətə müstəsna və müsbət töhfələr vermiş, eləcə də digər insanların həyat səviyyəsini yaxşılaşdırmaq üçün xidmət göstərmiş məzunlara verilir.

Məzun Mükafatları haqqında ətraflı məlumat almaq üçün nəzər salın: https://study-uk.britishcouncil.org/alumni-awards

Məzun Mükafatlarını qazanmış məzunların siyahısını görmək üçün nəzər sala bilərsiniz:
https://study-uk.britishcouncil.org/alumniawards/winners

Əlavə məlumat əldə etmək üçün əlaqə saxlayın:
Einar Iliyev│Marketinq Meneceri | British Council Cənubi Qafqazda einar.iliyev@britishcouncil.org | T +994 (0) 12 497 1593


Qeyd edək ki, British Council Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatıdır. Biz Birləşmiş Krallıq və digər ölkələrin xalqları arasında dostluq və qarşılıqlı anlaşma münasibətləri yaradırıq. Biz bunu Birləşmiş Krallığa və birgə çalışdığımız ölkələrə müsbət töhfələr verərək - imkanlar yaratmaqla insanların həyatını dəyişərək, əlaqələr quraraq və inam yaradaraq edirik. Biz dünyanın 100-dən çox ölkəsi ilə mədəniyyət və incəsənət, ingilis dili, təhsil və vətəndaş cəmiyyətinin qurulması sahəsində əməkdaşlıq edirik. Keçən il 80 milyondan çox insana üz-üzə və ümumilikdə 791 milyon insana onlayn, yayımlar və nəşrlər vasitəsilə səsimizi çatdırmışıq. Təşkilatımız 1934-cü ildə təsis edilmişdir. Birləşmiş Krallığın Kral Xartiyası tərəfindən idarə edilən xeyriyyə təşkilatı və Birləşmiş Krallığın dövlət qurumudur.