“Zabit səmədov peşəkar döyüş məktəbi açdı” – FOTOLAR

12-02-2019, 11:37
A+
A-

Ötən gün K-1 qaydasız döyüş növü üzrə dəfələrlə dünya çempionu olmuş, “Mauqli” ləqəbli idmançı Zabit Səmədov Heydər Əliyev İdman Kompleksinin nəzdində fəaliyyət göstərəcək olan özünün peşəkar idman məktəbinin açılışını edib.

Magazinews.Az xəbər verir ki, açılış mərasimində idman ictimaiyyətinin tanınmış nümayəndələri, dövlət adamları, şou-biznes nümayəndələri və ictimai xadimlər qonaq qismində iştirak edib. Onların sırasında Azərbaycan Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti, Dünya Taekvondo Federasiyasının Gənclər Komitəsinin üzvü Füzuli Musayev, polis polkovnik-leytenantı, "ağ canavar" ləqəbli azərbaycanlı kikboksçu, 15 qat Azərbaycan çempionu Eduard Məmmədov, Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov və başqa rəsmi şəxslər iştirak edib. İdmanıçını təbrik etməyə gələnlər arasında incəsənət nümayəndələridən Əməkdar artist Röya Ayxan, Zamiq Hüseynov, Ədalət Şükürov, aparıcı Nurlana Cəfərova, Ranar Musayev və başqaları olub. İdmançı tədbirə övladları Mübariz və Sibellə birgə qatılıb.

Açılış mərasimin aparıcılığını Xalq artisti Murad Dadaşov edib. Tədbirə Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev də qatılıb. O, Z. Səmədovla birgə açılış lentini kəsib.
 
Daha sonra Zabit Səmədov tədbir iştirakçıları ilə təəsüratlarını bölüşüb:
“Bu məktəbi açmaq çoxdan arzum olub. İlk növbədə dövlət başçısına, Heydər Əliyev adına idman kompleksində mənə yaradılan şəraitə görə Gənclər və İdman Nazirliyinə, həmçinin dəstəyini əsirgəməyən bütün dostlarıma öz minnətdarlığımı bildirirəm. Əsas məqsədimiz illərlə qazandığım təcrübəni gənclərlə bölüşmək və peşəkar idmançıların yetişdirilməsidir. İnşallah bu məktəbin yetişdirdiyi idmançılar üç rəngli bayrağımızı gələcəkdə dünyanın ən böyük idman arenalarında dağlalandırar. Gələn aydan etibarən bura xarici məşqçilər dəvət olunacaq. Altı yaşından yuxarı hər kəs məktəbimizə üzv ola bilər”.


Daha sonra zalla tanışlıq baş tutub. Aparıcı Murad Dadaşov “Zabit Səmədov döyüş məktəbi” barədə məlumat verib, 6 yaşından yuxarı hər kəsin bura üzv olacağını qeyd edib. Z. Səmədov isə mətbuata açıqlamasında döyüş məktəbinə mart ayından xarici idmançılarn müəllim kimi dəvət olunacağını bildirib.
Tədbirdə söz alan millət vəkili Ülvi Quliyev və Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da çıxış edərək idman məktəblərinin önəmindən, ölkə başçısının idmana qayğısından danışıb.

Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov çıxışında bunları deyib:
“Məktəbin gələcəkdə adını bütün dünyaya tanıtdıracağını və Azərbaycana böyük qələbələr gətirən idmançılar yetişdirəcəyinə inanıram Bu məktəb yeniyetmə gənclərin zərərli vərdişlərdən uzaq olmasına, onların sağlam həyat sürməsinə müsbət istiqamətdə təsir göstərəcək. Gənclərimizin idmana olan marağı hər il daha da artır. Son illər Azərbaycan idmanının yüksəlişi dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Artıq ölkəmiz çox nüfuzlu beynəlxalq yarışların keçirildiyi bir məkana çevrilib. Bu müstəqil Azərbaycanın idmançılara göstərdiyi diqqət və dəstəyin nəticəsidir”.


Qeyd edək ki, “Zabit Səmədov döyüş məktəbi” ölkə rəhbərliyinin dəstəyi ilə yaradılıb. Məqsəd isə idmanın qaydasız döyüş növlərinə marağın artırılması və  inkişaf etdirilməsidir. Döyüş məktəbinə Belarus, Rusiya, Tailand və Ukraynadan tanınmış idman müəllimləri dəvət olunacaq. Eyni zamanda ayda iki dəfə Zabit Səmədovun və dünya şöhrətli idmançıların iştirakı ilə master-klasslar keçiriləcək. 

Xatırladaq ki, Zabit Səmədov uzun illər Belarusda yaşayıb. O, bir ildir ki, Azərbaycana köçüb. Fəaliyyətini doğma ölkəsində davam etdirir.

Fotolar: Sübhan İsmayılov