“Park Cinema”-da “BTS” həyəcanı

28-01-2019, 17:22
A+
A-

Koreyanın məşhur “BTS” qrupunun film-konserti yanvarın 26-da “Park Cinema”nın iki kinoteatrında nümayiş olunub.

Magazinews.Az-ın məlumatına görə, “Park Cinema Flame Towers” və “Park Cinema Metropark”da keçirilmiş seanslar 1000-ə yaxın tamaşaçının marağına səbəb olub.

“Park Cinema”nın piar-meneceri Rüstəm Fətəliyev bildirib ki, “Biz bilirdik ki, Azərbaycanda “BTS” qrupunun pərəstişkarları var, və onları nəzərə alaraq, bu film-konserti göstərməyə qərara gəldik. Amma marağın bu qədər yüksək olması bizim üçün gözlənilməz oldu”.

Ardıcıl iki seansda göstərilən konsert “BTS” qrupunun dünya turunun çərçivəsində onlar üçün doğma olan Seulda keçirilib. Cənubi Koreya paytaxtının 80-minlik Milli stadionu bu konsertdə tamam ilə dolu idi. 7 üzvdən ibarət olan qrup hip-hop və K-pop (Koreyalı pop) janrlarında çıxış edir. Qrupun heyətində RM (Kim Namcun), Jin (Kim Sok Cin), Suga (Min Yun Gi), J-hope (Cey-hop), Jimin (Pak Cimin), Teahyung (Kim Tehyong) və Jungkook (Con Coguk) yer alıb.
Mahnıların çoxunu Koreya dilində oxusalar da, fanatlar onları çox rahatlıqla başa düşür. “Onlar ən müsbət şeyləri təbliq edir. “BTS” öz mahnılarında eşqdən, hörmətdən, mehribançılıqdan oxuyur. "Bəzilərimiz “BTS”a görə Koreya dilini öyrənməyə başlayıb”, - fanatlardan biri deyib.

“Park Cinema”nın təşəbbüsü “BTS” qrupunun Azərbaycanda fəaliyyət göstərən fanklub tərəfindən yüksək qiymətləndirilib. “Konsertdən bir gün sonra hər iki kinoteatra güllər və təşəkkür məktubları göndərilib. Biz də, öz növbəmizdə, “BTS” qrupunun bütün fanatlarına təşəkkürümüzü bildiririk”, -deyə Rüstəm Fətəliyev qeyd edib.

Qeyd edək ki, “Park Cinema” Azərbaycanın ən texnoloji kinoteatrlar şəbəkəsidir. Tərkibində “Flame Towers”də yerləşən “IMAX 3D”, “Park Bulvar”da fəaliyyət göstərən “LaseR” və “Metropark”dakı “Birkart Dolby Atmos” zalı var. “Park Cinema” IMAX 3D formatı ilə təchiz olunmuş Azərbaycanın yeganə kinoteatrlar şəbəkəsidir.