"Xüsusi təyinatlı İbad 2" təqdim olundu" - FOTOLAR

25-11-2018, 15:02
A+
A-

Ötən gün Nizami Kino mərkəzində "Xüsusi təyinatlı İbad 2" filminin təqdimatı baş tutub.

Magazinews.Az xəbər verir ki, tədbirə bir çox tanınmış sənət nümayəndələri və ziyalılar qatılıb.Vətənpərvərlik ruhunda olan filmin quruluşçu rejissoru Natiq Novruzovdur. İkinci rejissoru Rəşad Nuri, quruluşçu operatoru Fahir Səmədoğludur.
Film Qarabağ müharibəsinin iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynov haqda çəkilib. Dünya Gənc Türk Yazıçılar Birliyi məsləhət Şurasının rəhbəri Əkbər Qoşalının aparıcılığı ilə keçən tədbirdə əvvəlcə filmin yaradıcı heyəti səhnəyə dəvət edilib.

Filmdə İbad rolunu Elçin Məmmədli canlandırıb. Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Xalidə Quliyeva, aktyor Rəşad Səfərov və başqaları filmdə rol alan digər aktyorlardandır.

Bundan başqa  tədbir zamanı Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın adından Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu bildirib ki, İbad Hüseynov təkcə Azərbaycanın deyil, türk və İslam dünyasının qəhrəman övladıdır. Çünki erməni terroristləri haqsız, hüquqsuz işğal etdiyi Qarabağ torpaqlarında vəhşiliklər törədərkən, anaların gözləri önündə övladlarını qətlə yetirərkən onları sadəcə türk deyə öldürmədilər, həmçinin müsəlman deyə öldürdülər. Bu cür qəhrəmanlar toplumların milli refleksləridir. Belə filmlər gənc nəslin milli ruhunun yüksəlməsinə təkan verir.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, millətləri millət edən onların qəhrəmanlarıdır: “Qəhrəmanlarımızın keçdiyi şərəfli yolu gələcək nəsillərə öyrətmək lazımdır. Bunun üçün keçmişimizi yaxşı öyrənməli və gələcək nəsillərə öyrətməliyik. Bu torpaqlar çox qəhrəmanlar yetişdirib. Birimiz gedərkən, minimiz gələrik.”

Qeyd edək ki, filmin ssenarisi Cəlaləddin Qasımova məxsusdur. Bəstəkarı isə Fərahim Sadiqdir.


FOTOLAR: Sübhan İsmayılov