"Filmdə ölən qız real həyatda bacımdır, ona bu filmi hədiyyə etmək istədim", - “5. Türk Filmləri Həftəsi - Bakı” nın açılışı oldu

26-11-2019, 14:04
A+
A-

Xəbər verdiyimiz kimi, Bakıda “5. Türk Filmləri Həftəsi – nin açılış mərasimi keçirilib.

Magazinews.Az xəbər verir ki, bu məqsədlə, ötən gün Nizami Kino Mərkəzində baş tutan açılış mərasiminə nümayiş olunacaq filmlərin rejissorları və aktrisaları qatılıb.

Açılış mərasimində AK Parti Ordu Millət vəkili və Yerli Düşünce Derneğinin Baş Direktoru Metin Gündoğdu, “Lojman” filminin rejissoru Şükrü Alaçam, istehsalçı Oya Işıl Cuhadar, filmin aktrisaları Yeliz Kuvancı və Nisa Sofiya Aksongur, “Çakallarla Dans 5” filminin rejissoru Murat Şeker, filmin aktrisası Çağla Irmak, “Kapan” filminin rejissoru Seyid Çolak, ssenaristi Güven Adıgüzel, “Annem” filminin rejissoru Mustafa Kotan, həmçinin FİYAP Baş katibi Ahmet Edebali, SETEM Baş Direktoru Mehmet Güleryüz, “Star” qəzetinin mədəniyyət-sənət editoru Bedir Acar, Türk Filmləri Həftəsinin lahiyə assistenti Fatma Gezer ve Türk Filmləri Həftəsinin Baş koordinatoru Öner Kılıç, Türkiyənin Azərbaycandakı səfiri iştirak edib. Azərbaycanlı rəsmilərdən millət vəkili Qənirə Paşayeva, kino-rejissor Ayaz Salayev, Mədəniyyət Nazirliyinin nümayəndələri qatılıb.

Adını sadaladığımız filmlərin yaradıcı heyəti mərkəzinin mətbuat zalında media nümayəndələri üçün keçirilən mətbuat konfransında sualları cavablandırıblar. Qonaqlar tədbirin mahiyyətindən danışıblar.

“Çakallarla Dans 5” filminin rejissoru Murat Şeker jurnalistlərin suallarını cavablayıb.

“5. Türk Filimləri Həftəsi”nə görə Bakıdayıq. İlk dəfədir gəlirəm. Mənim daha öncə burada “Çakallarla dans” filmlərim nümayişə çıxıb. İki il öncə burada mənim çəkdiyim “Deli oğlan” filmi mükafata layiq görülüb, ən yaxşı xarici film seçilmişdi. O zaman gələ bilməmişdim. Türkiyə səfirliyimizdən mükafatımı alacam. Bizim belə bir qəbahətimiz var ki, bura gəlincə anladıq. Musiqiləriniz xoşumuza gəlir. Ancaq adlarını bilmirik. Bu ziyarətimizdə bir çox sənətçilərlə tanış olub qayıdacağıq. Mən çox festivallara gedirəm. Bunların əhəmiyyəti nələrisə təqdim edib, ayrı şeylər öyrənib, geri dönməkdir. Burada gəzərkən küçələriniz çox gözəl olduğunu gördük, burada film çəkmək yaxşı olardı düşüncəsindəyik”. 

Azərbaycan tamaşaçısına “Kırgın çiçekler” serialından tanış olan aktrisa Çağla Irmak səfəri barədə düşündüklərini söyləyib:

“Bakını çox sevdim. Tarixi binalar, şəhər planlaması mükəmməldir. Bura 10-15 günlük tətil üçün gəlmək istərdim. Belə festivallar olduqca, ortaq filmlərimizə də yol açılacaq. Gözəl bir meyvə yedik. Hətta 1 kilo aldıq, İstanbula aparacağıq. Adının feyxoa olduğunu öyrəndik. İçəri şəhərdə gözəl restoranda olduq. Milli mətbəxinizin gözəl təamlarının dadına baxdıq. Toyuq yeməyi yedim, yanında noxud, soğan da vardı. Mətbəxiniz üçün şanslısınız. Məni “Kırgın çiçekler” serialına görə tanıyırlar. Yolda görəndə ağlayanlar da olur. Serialda acı çəkdiyimə görə, üzülürlər. Onlar ağlayınca, mən də ağlayıram. Bu serialda oynamağı çox istəmişdim. Həyəcanverici idi. Hazırda İstanbulda teatrda çalışıram. Yeni serial hələki yoxdur. Şəhərinizdə gəzərkən, gənclərdən məni tanıyıb şəkil çəkdirənlər oldu. Paylaşımlarımın şərh bölümünə Azərbaycandan yazanlar çoxdu. Sizin “Küçələrə su səpmişəm” mahnısını çox bəyənirəm”. 

Türk Filmləri Həftəsinin Baş koordinatoru Öner Kılıç layihənin önəmindən danışıb:

“Nazirimizin istəyi ilə film həftəsini 5 il öncə Azərbaycanla başladıq. Daha sonra Qazaxıstan, Qırğızıstan və başqa ölkələrdə davam edirik. Hər film həftəmizdə daha çox diqqətlə qarşılaşırıq. Nəticədə türk filmlərinin kinoteartlarda nümayişinin çoxalması sevindirici haldır. Məqsədimiz bunun adət halına çevrilməsi və digər ölkələrin qatılımı ilə festivala çevirməkdir. Bu mövzuda ölkələrin Mədəniyyət Nazirliklərinə məktublar göndəririk. Sadəcə Türkiyənin istəməsi kifayət deyil. Digər ölkələrin maraq göstərməsi lazımdır. Türkiyədən gələn kino adamları ilə Azərbaycanlı film adamlarını bir araya gətirmək istədik. Bizim dilimiz, mədəniyyətimiz, adətlərimiz eynidir. Kinomuz da bir olsun deyə, belə həftələri təşkil edirik. Bu dəfəki film həftəsindəki mövzuları insani münasibətlərə və yaşanmış hekayələr üzərində qurduq. İzləyəcəyin filmlərdə özünüzdən nələrisə tapacaqsınız. Türkiyə ilə Azərbaycanın təkcə sözdə deyil, realda da belə olduğunu görəcəksiniz. 5 filmimiz olacaq, “Lojman”,”Annem”,”Çakallarla dans”,”Kapan” və artıq üç ildir animasiya filmləri gətiririk. Bu dəfə də uşaqlarınız üçün “Rafadan Tayfa”adlı animasiya filmimiz nümayiş ediləcək. Gündə iki dəfə nümayişimiz olacaq. Ayın 29-na kimi davam edəcək. Giriş isə pulsuzdur”. 

Tədbirə qatılan digər qonaqlar da layihənin önəmi barədə düşüncələrini bölüşüb. Onlar bunun Türkiyənin tanıtımı, dövlətlərarası mədəniyyət körpüsünün yaranması baxımından önəmli olduğunu, burada olmaqdan məmnunluqlarını bildiriblər. 

Rəsmi hissədən sonra ilk olaraq, rejissor Şükrü Alaçamın “Lojman” bədii filmi nümayiş edilib. Film izləyicilər tərəfindən alqışlarla qarşılanıb. İzlənmə sonrası səhnəyə dəvət edilən rejissor filmdəki ölən qızın real həyatda onun bacısı olduğunu, bacısının ona həyatı, özünün isə ona bu filmi hədiyyə etmək istədiyini söyləməsi, duyğusal anlar yaşadıb. 

Xatırladaq ki, film həftəsi ərzində noyabrın 26-sı,17:00-da “Lojman” filmi, 19-00-da “Kapan”; noyabrın 27-də saat 17:00-da “Annem”,19-00-da “Çakallarla dans 5”; noyabrın 28-də saat 17:00-da “Çakallarla dans 5”, 19-00-da “Kapan”; noyabrın 29-da saat 17:00-da “Rafadan Tayfa” 19-00-da “Annem” bədii filmləri şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq. Filmlərin nümayişlərinə giriş isə sərbəst olacaq.

Qeyd edək ki, “5. Türk Filimləri Həftəsi” Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyənin Azərbaycandakı səfirliyinin, Yerli Düşünce Derneği’nin, TİKA agentliyinin, təşkilatçılığı və Nizami Kino Mərkəzinin dəstəyi ilə həyata keçirilir.


Tural Hüseyn

Magazinews.Az 

Fotoların müəllifi isə Sadıq Əliverdibəylidir.