III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı qalibləri elan etdi

20-10-2020, 13:20
A+
A-

Bakıda 14-18 oktyabr 2020-ci il tarixində onlayn və canlı formatda III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib.

Builki ANİMAFİLM-in əsas məqsədi müharibə dövründə uşaqlara və gənclərə dəstək olmaq və maarifləndirməkdir. Bu il əyləncə xarakteri daşıyan müsabiqə proqramı nümayiş etdirilməyib, yalnız rəsmi və maarifləndirmə xarakteri daşıyan animasiya ustad dərsləri, açılış və bağlanış mərasimləri, beynəlxalq münsiflər heyəti ilə görüş, qaliblərin elan edilməsi proqramları qüvvədə qaldı.

III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında münsiflər heyətinin tərkibi Nancy Danney-Phelps (Belçika), Aaron Wood (İngiltərə), Olivier Catherin (Fransa), Daria Kashcheeva (Çexiya), Zurab Diasamidze (Gürcüstan), Mohammed Zare  Rana Vaezi (İran), Şamil Nəcəfzadəvə Oleq Səfərəliyev (Azərbaycan) kimi peşəkarlardan ibarət olub. Builki festivalda 31 uşaqdan ibarət xüsusi münsiflər heyəti fəaliyyət göstərib.
Uşaq münsiflər heyətinin koordinatoru və təlimçisi Ritual Mobil Teatr Laboratoriyasının təsisçisi Aynur Zərrintac festival çərçivəsində uşaq münsiflər heyəti üçün bullinq mövzusunda onlayn və canlı olaraq üç teatr təlimi keçdi.

Oktyabrın 14-də – festivalın açılış mərasimində Azərbaycan animasiyasına verdiyi töhfəyə görə III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının Qızıl Qayıq mükafatı təqdim edilib. Builki mükafata rejissor Hafiz Əkbərov layiq görülüb. Açılış mərasimində Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov da iştirak edib, animasiya filmlərinin maliyyələşdirilməsi istiqamətində problemlərin həll edilməsi üçün tez bir zamanda yeni mexanizmlərin işlənib tətbiq ediləcəyinin anonsunu verdi. Açılış mərasimində, həmçinin, Çexiya Respublikasının səfir müavini Daniel Putik, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov və III ANİMAFİLM Festivalının uşaq münsiflər heyətinin üzvü Nurcahan Məmmədli çıxış etdilər.

Çexiya Respublikasının Azərbaycandaki səfirliyinin dəstəyi ilə gənc animasiya həvəskarları üçün nəzərdə tutlan 2 günlük “Stop motion animasiyası və kukla armatur skeleti” adlı intensiv ustad dərsləri II ANİMAFİLM-in qalibi, Tələbə Oscar qalibi Daria Kascheeva tərəfindən həyata keçirildi.
Oktyabrın 18-də festivalının bağlanış mərasimində qaliblər elan olundu. Qaliblər Fransanın məşhur Annecy Festivalına səyahət və qiymətli fotoaparat ilə mükafatlandırılıblar.

Bağlanış mərasimində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyin səfiri Kestutis Yankauskas, Fransız İnstitunun direktoru Jerom Kel və Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən Kino məktəbinin direktoru, III ANİMAFİLM Festivalının Beynəlxalq münsiflər heyətinin üzvü Oleq Səfərəliyev yerli kateqoriyalar üzrə qalibləri elan etdilər.

Bağlanış Mərasimində, həmçinin, III ANİMAFİLM Festivalının tərəfdaşları, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin idarə heyətinin sədri Nail Axundzadə və Toxum kraudfandinq platformasının həmtəsisiçi Toğrul İsmayılov çıxış etdilər.

Filmlər üzrə qaliblər:

· “Ən yaxşı tammetrajlı animasiya filmi - GRAND PRIX” - “Burun və ya Maveriklərin sui-qəsdi”, rejissor Andrey Xrjanovski. Rusiya.
· “Ən yaxşı qısametrajlı animasiya filmi - GRAND PRIX” - “Sororal”, rejissorlar Frederik İven və Luis Merkadier. Fransa.
· “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” - “Reven of Nissen”, rejissorlar Yaprak Morali və Are Austnesin. Norveç.
· “Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı animasiya filmi” - “Müqəddəs Savanın Taxtı”, rejissor Jakov Popov. Serbiya.
· “Ən yaxşı qısametrajlı eksperimental və ya abstrakt animasiya filmi” - “Misketlər”, rejissor Natalya Spixala. Polşa.
· “Ən yaxşı qısametrajlı tələbə animasiya filmi” üzrə nominasiyada 2 film qalib elan edilib: rejissor Helos Ferleyin “Tozlu dəniz” (Fransa) və rejissor Nora Ştrbovanın “Yerlər” (Çexiya Respublikası).
· “Ən yaxşı televiziya və ya İnternet animasiya seriyalı” - “Fərqli canavar”, rejissor İra Elsbanski. Rusiya.
· “Ən yaxşı musiqili animasiya videosu” - “Tənbəl əjdaha”, rejissorlar Fokion Ksenoks və Joan Zhonga. Yunanistan.
· "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" - “Quzğun”, rejissor Fidan Axundova. Azərbaycan.
·  “Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi” nominasiyası üzrə 2 film qalib elan olunub: Sevinc Quliyevanın “Qar kürəsi” (Azərbaycan) və Ayaz Xaliqovun “İlan və kəndli” (Azərbaycan).

Ssenarilər üzrə qaliblər:

· “Ən yaxşı qısametrajlı animasiya filmi - GRAND PRIX” - “Gəmi üçün Körpülər”, müəllif Robertas Nevetska ssenari olub. Litva.
· “Qısa animasiya filmi üçün ən yaxşı Azərbaycan ssenarisi” və “Qısa uşaq animasiya filmi üçün ən yaxşı Azərbaycan ssenarisi” kateqoriyaları üzrə ikiqat qalib Şəbnəm Həsənəlizadənin“Rəngsiz” ssenarisi olub. Azərbaycan.
· “Ssenari üzrə beynəlxalq münsiflər heyətinin xüsusi seçimi” - “İp”, müəllif Orxan Behbid. Azərbaycan.

Qeyd edək ki, bağlanış mərasiminin sonunda ANİMAFİLM Beynəlxalq Animasiya Festivalın təsisçi, “PERİ FİLM” şirkətinin direktoru Rəşid Ağamalıyev festivalının ərsəyə gəlməsində dəstəyi olan bütün komandaya, tərəfdaşlara və dostlara, xüsusilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Kinematoqrafçılar İttifaqına, Çexiya Respublikasının Azərbaycandakı səfirliyinə, Fransanın Azərbaycandakı səfirliyinə, Azərbaycandakı Fransız İnstitutuna, Annecy Beynəlxalq Animasiya Film Festivalına, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinə, MR Chemical şirkətinə, Salaam Sinemaya, “Mücrü” nəşriyyatına, “Çinar Yayımları” nəşriyyatına və Toxum.org kraudfandinq platforması vasitəsilə builki festivalın həyata keçməsində yardım göstərmiş 28 dəstəkçiyə dərin təşəkkürünü bildirdi.