Azərbaycan Annecy Beynəlxalq Animasiya Film Festivalında təmsil olundu

29-06-2021, 11:38
A+
A-

Azərbaycan dünyanın ən böyük və ən qədim animasiya festivalı olan Fransanın Annecy Beynəlxalq Animasiya Film Festivalında təmsil olundu.

MAGAZINEWS.AZ xəbər veri ki, məşhur festivalın 45-ci buraxılışı 14-19 iyun, 2021-ci il tarixlərində keçirilib.

Animasiya kinosunun “Oskar”ı sayılan Annecy festivalında Azərbaycanı ANİMAFİLM-in direktoru Rəşid Ağamalıyev, 3-cü ANİMAFİLM festivalının qalibi Fidan Axundova və rejissor Durna Səfərova təmsil etdi.

Fidan Axundovanın Fransaya səfəri və MIFA akkreditasiyası onun ötənilki ANIMAFILM festivalının "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" mükafatını qazanması sayəsində mümkün oldu. Xatırladaq ki, həmin mükafatın sponsorları məhz Azərbaycandakı Fransız İnstitutu (IFA), Fransanın Azərbaycandakı səfirliyi və Annecy Beynəlxalq Animasiya Film Festivalı olmuşdur.

“Bu tarixi hadisədir. Azərbaycan kinosunun tarixində ilk dəfə animasiya filmimiz Annecy Festivalında müsabiqə proqramında iştirak etdi. Durna Səvərovanın "Fainanın sirri" ANNECY-in "Perspectives" müsabiqə proqramında yarışdı. Onu da qeyd edim ki, ANİMAFİLM Festivalı artıq ikinci dəfədir ki, Annecy-nin MIFA animasiya bazarında təmsil olunur. Biz Azərbaycan və Fransa arasında çox önəmli animasiya proqramları hazırlamışıq. Bu barədə tezliklə geniş məlumat veriləcək”, - bu sözləri ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyev söyləyib.

Xatırladaq ki, 2021-ci ildə ANİMAFİLM Festivalı Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutunun (IFA) tərəfdaşlığı və Annecy Beynəlxalq Animasiya Film Festivalının dəstəyi ilə "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" kateqoriyası üzrə mükafat təqdim edir. Bu kateqoriyada ANİMAFİLM festivalının qalibi 2022-ci ildə Fransada keçiriləcək Annecy Festivalına səyahət edəcək və MIFA adlı peşəkar akkreditasiya əldə edəcək. Qalibin bütün səyahət və yaşayış xərcləri IFA tərəfindən ödəniləcək.

IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 20-24 oktyabr 2021-ci il tarixlərində Bakıda keçiriləcək. Festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Builki festivalın mövzusu “ƏLİLLİK” olacaq.