TÜRKSOY Əliqismət Lalayevi təbrik etdi

13-07-2021, 22:50
A+
A-

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət xadimi Əliqismət Lalayevi 65 illik yubileyi münasibəti ilə katibliyin və şəxsən öz adından təbrik edib, səmimi arzularını çatdırıb.

MAGAZINEWS.AZ xəbər verir ki, tanınmış rejissora ünvanlanan məktubunda deyilir:

"Hörmətli Əliqismət müəllim!
Azərbaycan ziyalılarının görkəmli nümayəndəsi olaraq Siz Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında və təbliğ olunmasında uzun müddət səmərəli fəaliyyət göstərmiş, bir çox uğurlu layihələrə imza atmışsınız. Türk dünyasının zəngin tarixə malik və aparıcı teatrlarından biri olan Azərbaycan Dövlət Akademik Musiqili Teatrına uğurlu rəhbərliyiniz və gənc kadrların hazırlanması sahəsində səmərəli elmi-pedoqoji fəaliyyətiniz Azərbaycan teatr sənətinin inkişafında göstərdiyiniz xidmətlərin bariz nümunəsidir.

TÜRKSOY-a üzv olan ölkələrin Teatr Rəhbərləri Şurasının üzvü kimi mütəmadi keçirilən toplantılarda Azərbaycan teatrlarını layiqincə təmsil edərək türkdilli teatrlar arasında mədəni əlaqələrin genişlənməsinə və inkişaf etdirilməsinə öz töfhələrinizi verməkdəsiniz.
Sizə möhkəm cansağlığı, uzun ömür diləyirəm, ortaq Türk mədəniyyətinin, incəsənətinin inkişafı naminə fəaliyyətinizlə yeni yaradıcılıq nailiyyətləri arzulayıram".

Ə.Lalayev ona göstərilən yüksək diqqətə görə Baş Katibə təşəkkürünü bildirib:

“TÜRKSOY kimi bir qurumun diqqətində olmaq məni daha çox fərəhləndirir. Bu dünyada diqqət və qayğıdan gözəl mükafat yoxdur. Arzu edirəm ki, tezliklə dünyamızdan pandemiya bəlası çəkilib getsin və əvvəlki illərdə olduğu kimi, biz də sizin yüksək təşkilatçılığınızla həyata keçirilən yeni-yeni layihələrdə kollektivimizlə birgə iştirak edək".