“Gəlinlərdən nəyim əskikdir ki..” - FLORA KƏRİMOVA - FOTOLAR

23-12-2018, 14:37
A+
A-

Ötən gün Cinemaplus kinoteatrında “Qaynana 2018” filminin təqdimatı keçirilib. 
Magazinews.Az xəbər verir ki, “Caspian Media Group” şirkəti tərəfindən istehsal olunan filmi müasir qaynananın macəraları haqqındadır.

Filmin mövzusu barədə qısaca olaraq deyə bilərik ki “2018-ci ilin qayınanası 40 il öncəki qayınanadan çox fərqlənir. Müasir qayınana oliqarxlardan birinin həyat yoldaşıdır. Lüks həyat yaşayan Cananın günü (Flora Kərimova) masaj salonlarında, şoppinqdə keçir. Buna baxmayaraq, o da əksər qayınanalar kimi övladının seçiminə müdaxilə etməyi sevir. Belə ki, oğlu Fuad (Riad Abdulov) evlərində çalışan qulluqçunun qızı ilə ailə qurmaq istəsə də, Canan qətiyyətlə etiraz edərək ailələrinə uyğun olmadığını bildirir. Fuad isə dayısı oğlu Şöhrətdən (Elməddin Cəfərov) kömək istəyir. Onlar 40 il öncəki filmdə qayınanaya saxta gəlini təqdim etmiş İlqarla (İlham Namiq Kamal) görüşürlər. İlqar əcnəbi gəlin Mufitanı Canana Atruba kralının qızı kimi təqdim edir. Elə bütün macəralar da bundan sonra başlayır.” Ekran işində Xalq artistləri Flora Kərimova, İlham Namiq Kamal, aktyorlar Səfa Mirzəhəsənov, Elməddin Cəfərov, Riad Abdulov, Sevinc Əliyeva, Gülşad Baxşıyeva, Joy Azum Ogochukwuv, Ülviyyə Əliyeva, Kəmalə Məmmədova və başqaları çəkiliblər.

Filmin əsas qəhrəmanı Flora Kərimova ekran işi barədə danışıb:
“Diqqətinizə və hörmətinizə çox sağ olun. Bu gün bizi yalnız qoymadınız. Dəstək oldunuz. Böyük aktyorlarla çalışdıq.Böyük aktyorların sırasında adımı çəkməyə ixtiyarım yoxdur.” Xalq artisti zarafatlarından geri qalmayıb: "Nə olsun 78 yaşım var? Gəlinlərdən nəyim əskikdir ki..
Ərə getməyimi səsverməyə qoyuram. Qərarım alqışlarınızın çox olmasından asılıdır. Oğlan evinin xəbəri yoxdu, amma mən özümü zorla sırıyıram.” Daha sonra filmin yaradıcı heyətinin digər üzvləri də təsüratlarını bölüşüblər.

Qeyd edək ki, layihənin rəhbəri və filmin baş prodüseri Hüseyn Cavadzadə, rejissoru Orxan Ağazadə, operatoru Şahmar Səfəroğlu, ssenari müəllifi isə Nicat Dadaşovdur. Komediya janrındakı filmin xronometrajı 75 dəqiqədir.

Tural Hüseyn 
Foto: Sübhan İsmayılov