“Haqqıma girənlərə haqqımı halal etməmişəm” - FOTOLAR

23-01-2019, 16:27
A+
A-

“Kim məndən istifadə edib pul qazanırsa, onu 3 gün yeyə bilər, artıq yox!” – bu sözləri çəkildiyi filmin qala gecəsində aktyor Fəərda Amin deyib.

Ötən gün Cinemaplus kinoteatrında “Taksi Liza” filminin təqdimatı keçirilib. 

Magazinews.Az xəbər verir ki, filmdə Fərda Amin, Zemfira Əbdülsəmədova, Cəfər Namiq Kamal, Faiq Mirzəyev, Xəyalə Quliyeva və başqaları çəkilib. Baş tutan təqdimat gecəsində sənət və şou-biznesdən tanınmış nümayəndələrdən az dəvətli olması diqqət çəkib. Bundan əlavə, gecənin qonaqları üçün furşet təqdim olunub.

Filmin mövzusuna gəlincə isə “Dursun taksi sürücüsüdür. 7 dəfə sevdiyi qıza elçi getsə də, qızın atası İftixar bəy onu taksi sürücüsünə vermir. Bu ərəfədə onun Bakıya gətirdiyi məşhur “Mono Liza” əsərini sərgidə nümayiş etdirməyi planlaşdırır. Amma şəkil naməlum şəxslər tərəfindən oğurlanır. 

Ekran işinin əsas qəhrəmanları media nümayəndələri ilə təəsüratlarını bölüşüblər.Filmdə çox yeyən qız rolunu canlandıran Xəyalə Quliyeva yaratdığı obrazından danışıb: 

“Çəkildiyim ilk filmdir. Dəvət olanda rejissorlara deyirəm ki, mənə uyğun rol olsun. Əsas açıq-saçıqlıq olmasın. Bəyənəcəyinizə ümid edirəm. Filmdə çox yeyən qız rolundayam. Əsas qəhrəmanın sevgilisiyəm. Kino-komediyadır. Özümü dram janrında da sınamaq istəyərəm. Bunun daha yaxşı alınacağını düşünürəm. Hadisələr “Mona Liza”-nın şəkili ətrafında cərəyan edir. Çəkilişlərimiz yayda 40-45 dərəcə istidə çox çətinliklə keçdi. Saçımızın tərini fenlə qurudurdular, yenidən davam edirdik. Bişə-bişə çəkmişik. Qonararımı isə sirr saxlayıram. Bu gün həmişə olduğu kimi həyat yoldaşım da yanımdadır. Hər yerə onunla gedirəm. Dostlarım da məni dəstəkləməyə gəlib. Tamaşaçılara demək istəyirəm ki, irad tutmaq üçün baxmasınlar. Belə halda mütləq nəsə tapacaqsınız. Sadəcə zövq almaq üçün baxın”.

Əsas rollardan birini canlandıran Fərda Xudaverdiyev isə yeni işlərindən əlavə, çəkildiyi filmlərin hələ də qonararının ona çatmamasından gileylənib:

“Filmdə ilk dəfə fərqli imicdəyəm. Amerikan polisi olmaq arzusunda olan taksi sürücüsüdür. Gülməli film çəkməyə çalışdıq. Biz yeni başlamışıq. Cığırı açırıq. İnşallah 10 ildən sonra daha yaxşı olacaq. Komediya mənim işimdir. Bütöv filmi dram janrında oynamaq arzumdur. Mənə film üçün xüsüsi tələblər olmayıb. Bunun üçün dünyada olan məbləğlər bizim aktyorlara verilmir. Qibtə etdiyim rejissor Elxan Cəfərovun montaja baxıb mənim barədə xoş sözlər deməsi sevindiricidir. Mən aktyor kimi dəvət almışam. Digər məsələlər məni maraqlandırmır. Bir çox filmlərdən qonararlarım mənə çatmayıb. Burdan elan etmək istəyirəm ki, bilərəkdən haqqıma girənlərə heç nəyin haqqını halal etməmişəm. Tutmayan filmlərim də bu siyahıya daxildir. Məbləğ danışılır. Sonradan ortada oyunlar fırlanır. Filmə canımı qoyuram. Bu həmişə belə olacaq. Kim məndən istifadə edib pul qazanırsa, onu 3 gün yeyə bilər, artıq yox!”

Qeyd edək ki, filmin quruluşçu rejissoru Rövşən Ağayev, quruluşçu operatoru Həsən Aslanov, ssenari müəllifləri Nicat Dadaşov və Elçin Muradovdur. Filmin prodüseri isə Vüqar Əliyevdir. 

Magazinews.Az təqdimat gecəsindən olan fotoları təqdim edir:

Tural Hüseyn 

Foto: Sübhan İsmayılov