Seda Bakan: "Murada aktyorlardan daha çox film təklifləri gəlir" - VIDEO

14-03-2019, 14:50
A+
A-

Xəbər verdiyimiz kimi, Türkiyəli məşhurlar Murat Boz və Seda Bakan Bakıya gəliblər. 

“CinemaPlus Gənclik Mall” Premium kinoteatrında “Öldür Beni Sevgilim” filminin təqdimatı keçirilib.

Magazinews.Az xəbər verir ki, ssenarisi Murat Dişliyə aid olan, rejissorluğunu Şenol Sönməzin etdiyi ekran işində Murat Boz, Seda Bakan, Acelya Topaloğlu, Özgür Emre Yıldırım, Seda Güven, Yosi Mizrahi, Dilsad Şimşek, Əli Yoğurtcuoğlu kimi isimlər rol alıb.

Filmin mövzusuna gəlincə isə bir-birini öldürməyə qərar verən cütlüyün hekayəsindən bəhs edir. Okan ilə Demət 5 ildir ki, evlidirlər, amma birlikdə keçirdikləri illərə rəğmən münasibətləri elə də yaxşı deyil. Onların sevgisi bir nağıl kimi başlayıb, böyük həyacanla davam edib və xoşbəxt sonluqla - evliliklə bitmişdi. Amma müəyyən vaxtdan sonra, evlilik həyatını maraqsız görən cütlüyün arasındakı o coşqu sönməyə başlayır.

Filmin istehsalçısı isə Necati Akpınardır.

Təqdimat öncəsi filmin əsas qəhrəmanları, Türkiyənin Pop starı Murat Boz və aktrisa Seda Bakanın iştirakı ilə mətbuat konfransı keçirilib. 

Türkiyəli qonaqlar media nümayəndələrinin suallarını cavablandırıblar:

Zarafatlarından geri qalmayan Murad Azərbaycan haqda xoş fikirlərini dilə gətirib:

"Burada olduğumuz üçün çox xoşbəxtəm. Daha öncə, Bakıya konsert vermək üçün gəlmişəm. Burada özümüzü öz ölkəmizdə kimi hiss edirik. Gözəl bir film çəkdiyimizi düşünürük. Münasibətlərin, evliliklərin göstərildiyi komediya filmidir. Bir neçə ölkədə təqdimat keçirtdik. Ən son Bakını seçdik. Öldürmək filmimizin adında olan bir kəlmədir. Hadisələr fərqli istiqamətdə cərəyan edir. İki zidd xarakterli insanın qazandıqları pulu necə sərf edəcəkləri əsas mövzudur. Azərbaycandan film təklifi də almışam. Aşiq olmaq elə bir duyğudur ki, biri ilə birlikdə olarkən, başqasına aşiq ola bilərsən. Könlünüzə əngəl qoya bilməzsiniz. Mən oldum deyə, demirəm. Filmimizdə hər kəs öz münasibətindən bir parça görəcək. Okan obrazı ilə bənzər tərəflərimiz var. Ancaq bütövlükdə fərqli obrazdır. Azərbaycandan film təklifi almışam. Mənim üçün layihənin necə olması daha önəmlidir. Pul ikinci plandadır. Aktyorluqda irəliləyişin olduğunu düşünürəm. Hər film yeni bir təcrübədir. Seda kimi aktrisanın yanında özümü tərifləmək istəmirəm. Hər yeni işdə nəsə öyrənirəm. Daha çox komediya filmlərində rol alıram. Dram janrında təklif almamışam. Məni “O səs Türkiyə”-dən əyləncəli biri kimi tanıyırsınız. Bəlkədə filmlərə çəkilməyə başlamağım pozitiv enerjimi insanlara ötürə bilməyimdir”.

M.Boz aktyor Burak Özçivitlə münasibətlərinin qaydasında olduğunu deyib:

"Kardeşim benim 2" filminin Bakıdakı qalasına mən də gələcəkdim. "O səs Türkiyə" verilişinin çəkilişi ilə üst-üstə düşdüyünə görə alınmadı. Hər şey qaydasındadır".

Məşhur sevgi yaşadığı Aslı Enverlə daha filmə çəkilmək istəmədiyini deyib: 

“Bir münasibəti ekranlaşdırmaq nə dərəcədə doğrudur? Bir dəfə çəkildik, kifayətdir. Özəl həyatımla bağlı çox danışmıram. Türkiyədə də bunu deyirəm. Məni yalnış anlamayın”.

Hazırda hamilə olan, Muradın tərəf müqabili Seda bakan fikrlərini bölüşüb:

“İlk dəfə buradayam. Ölkənizi çox sevdim. Sanki öz vətənimdəyəm. İnsanlarınız istiqanlıdır. Murad kameraya yaraşan insandır. Bütün imkanlarından istifadə edərək, aktyorluq edir. Ona görə Murada aktyorlardan daha çox film təklifləri gəlir. Türkiyədə “cek pot” udmaq ailələrin heç birinə düşməyib. Pulu varkən, udan kasıb vəziyyətə düşüb. Filmdə bizə də uğur gətirmir. Aktyorluq elə bir sahədir ki, bir işdə yaxşı ola bilərsən, digərində əksi ola bilər. Rejissordan və düzgün ssenaridən çox şey asılıdır. Zamanla öz işində mükəmməl ola bilirsən.
Uşağın cinsiyyətini isə bilmirik. Əsas odur ki, sağlam olsun".

Daha sonra filmin baş rol ifaçıları qırmızı xalıdan keçiblər. Elə bu an sevənlərinin böyük izdihamına şahid olan qonaqlar çətinliklə filmin izlənəcəyi zala daxil olublar. 

Səmimiliyi ilə seçilən məşhurlar fanatlarını yanına gələrək onlarla bolluca şəkillər çəkdirib və ünsiyyət qurublar.


Bildirək ki, film bu gündən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.


Tural Hüseyn
Foto/Video:Sübhan İsmayılov
Magazinews.Az