“Bir həftə burada qalsam, Miri Yusif kimi Xalq artisti olaram” – Cem Yılmaz - FOTO/VIDEO

17-11-2019, 12:31
A+
A-

“Özümə gülürəm, həm də pulsuz” – bu sözləri Bakıda keçirdiyi mətbuat konfransında Türkiyəli komediya ustası Cem Yılmaz deyib

Daha bir türk məşhuru paytaxt Bakının qonağı olub.

Magazinews.Az xəbər verir ki, Bakı Konqress Mərkəzində iki günlük konsert proqramı ilə çıxış edəcək olan Türkiyənin ən sevilən komediya adamı Cem Yılmaz konsert öncəsi media nümayəndələri ilə bir araya gəlib.

Jurnalistləri suallarını cavablandıran aktyor səmimiliyi ilə seçilməyi bacarıb.

Zarafatlarından geri qalmayan Cem şəhərimiz barədə xoş fikirlərini dilə gətirib:

“Çox gözəl qarşılandığıma görə təşəkkür edirəm. Sevgi ilə qarşılaşdığımda cavabım da eyni olur. Bakıda ilk dəfə səhnəyə çıxacağam. Konsertin bilet qiymətləri açıqlandıqda, insanlar Tarkanın gəldiyini zənn ediblər. Bura gələn sənətçilərimizdən məlumat aldım. Onlar barədə səhnədə çıxışım olacaq. Uzun illərdir bura gəlməyi planlayırdım. Dəvətin olmasını gözləyirdim. Bu təşəbbüs üçün Top.az-a çox təşəkkür edirəm. Bir az gəzmə şansım oldu. Sabah da bir az vaxt keçirəcəm. Buranı çox bəyəndim. Konsert məkanı da çox gözəldi. Türkiyədə belə yer yoxdur. Dünyanın ən cəld pianoçusunun burada səhnə alacağını gördüm. Mən özümə dünyanın deyil, İstanbulun ən cəld komedyeni deyə bilərəm(gülür) Sonuncu dəfə 6 il öncə səhnə almışdım. Bu gün çıxışımda bu illər ərzində nələr etdiyimdən, başıma gələnlərdən danışacam. Səhnədəki çıxışım uğurlu olsa, bütün dostlarımı bura gətirəcəm. Həm də pulsuz(gülür) Zarafatlarımın içərisində tənqid olur. Nəticə çıxarıb, düzələnlər var. Komediya işi yaşlandıqca təkmilləşir. 20 yaşında anlatdığınla, 50 yaşdakı eyni olmaz. Dilimiz bir az fərqlidir. Ancaq əsas zarafatları qarşı tərəfin anlamağıdır. Bəzən ciddi danışdığımda inanmırlar. Bir dəfə səhnədə vəziyyətim pisləşdi. 3000 tamaşaçıdan aralarında “həkim var” deyə, soruşdum, amma zarafat sandılar. Saat soruşanda belə, nəsə zarafat olacağını gözləyirlər. Mən kim güldürərsə, ona gülərəm. Heç bir fürsəti qaçırmıram. Özümə gülürəm, həm də pulsuz (gülür) İşin ən gözəl tərəfi budur. Evdə də Cem Yılmaz var”.

Azərbaycanın mədəniyyətini sevdiyini deyən Yılmaz dinlədiyi sənətçilərin adlarını açıqlayıb:

“Xüsusilə, musiqinizi çox izləyirəm. Sizin mədəniyyəti, zarafatları öyrənmək üçün iki gün yetməz. Bir tar alıb, ifa etməyi öyrənəcəm. Sizdə bütün evlərdə hansısa musiqi alətini ifa edə bilənlər var. Sənətçilərinizdən Miri Yusifi, Aygün Kazımovanı, İradə ibrahimovanı, Raufu tanıyıram. Bir həftə burada qalsam, Miri Yusif kimi Xalq artisti olaram. Azərbaycanlı həmkarımın yaxın zamanda İstanbulda çıxışı olub. Deyib ki, mənim çıxışım 10 manatdır, türkcə danışıram, azəricə danışsam, 700 m olacaq. Azərbaycanlı həmkarlarımla tanış olmaq istərəm. Təklif olsa, sizin aktyorlarla bərabər filmdə olmaq istərəm. Komediya olması vacib deyil. Mənə deyirlər ki, həmişə dostlarını filmə çəkir. Mənim dostlarım aktyordur, nə edim deyirəm”.

Komediya ustası oğlu bu sənəti seçsə, əngəl olacağını gizlətməyib:

“İndiki uşaqlar çox zəkidirlər. Oğlumun 7 yaşı var. Aktyor olmaq istəsə, əngəl olmağa çalışaram”.

Axşam konfransın keçirildiyi məkanda səhnəyə çıxan aktyor nümayiş öncəsi tamaşaçılarla səmimi ünsiyyətə girib. O, hətta Miri Yusifin “səndən birdənədir” mahnısını züm-zümə edib.

Digər türk ulduzlarından fərqli olaraq, konfransa və konsertə vəd etdiyi vaxtda çıxan aktyor izləyiciləri salamlayıb. 

“Bakı Konqres Mərkəzi”-də 20:00-da start götürən konsertdə komediya ustası tez-tez tamaşaçılarla zarafat edərək, onlarla dialoqa girib. O, səhnədə ilk dəfədir Bakıya gəldiyini, buranı çox bəyəndiyini qeyd edib:

“Azərbaycana gəldiyim ilk dəqiqələrdən çox dostca davrandılar. Səmimi söyləyim ki, bu gun çox həyacanlıyam. Sizin məni deyil, mənim sizi anlamağım önəmlidir. Evinizdən çıxıb gəlmisiniz. Qardaşınız sizi peşman etməz, narahat olmayın”.

Komediya ustasının səhnədə pop ulduz Tarkana və məşhur aşpaz Nüsrətə atmacaları tamaşaçılar arasında gülüş doğurub. Mükəmməl səhnə performansı ilə diqqət çəkən Yılmaz izləyiciləri çıxışının sonuna qədər güldürməyi bacarıb.

Beləliklə, konserti anşlaqla keçən konsertin ilk günü başa çatıb. Türkiyəli ulduz çıxışını bitirərək, tamaşaçılarla sağollaşıb.

Qeyd edək ki, aktyor bu gün Şəhidlər Xiyabanını, Fəxri Xiyabanı və Türk şəhidliyini ziyarət edəcək. Axşam isə komediya ustasının sözügedən məkanda ikinci dəfə səhnəyə çıxacaq.

Magazinews.Az aktyor paytaxt səfərindən olan foto və video görüntünü təqdim edir:


Tural Hüseyn

Foto: Sübhan İsmayılov

Magazinews.Az