"Roza Zərgərlinin yay konserti baş tutdu"

26-08-2018, 14:30
A+
A-
Magazinews.az xəbər verir ki, konsert öncəsi səbəbkarlar media nümayəndələrinin suallarını cavablandırıb.

Roza Zərgərli gürcü müğənni Dato ilə gələcəkdə ola biləcək işbirliyi barədə danışıb:

"Əslində bizə qalsa, duetlər və kliplərimiz ola bilər. O, Rusiyada, Gürcüstanda çalışır. Buna prodüsserlər qərar verəcək ki, bu işbirliyi bizə necə bir xeyir gətirə bilər. Bundan sonra yekun nəticəyə gəlinəcək. Öz aramızda dostluğumuz var. Konsertimizə gəldikdə isə toplanan gəlir xeyriyyə məqsədi üçün sərf olunacaq. Kimə sərf olunacağını sentyabrın sonunda istirahətdən qayıdandan sonra biləcəksiniz."

Zərgərli konsertində bir çox müğənni qonağa yer ayırmasına da aydınlıq gətirib:

"Mən vətənpərvər insanam. Xarici ölkələrdən olan qonaqlarım başımın tacıdır. Dato ilə yanaşı, Türkiyədən müğənni Ravza Esin Kara da mənə görə gələcək. Buna baxmayaraq, öz müğənnilərimizə yer ayırmaq mənim üçün vacibdir. Dəvət olunanlardan təkcə Samir Cavadzadə səhhətində yaranan problemlərə görə gəlməyə bilər. Ötən il verdiyim konsertdə təkcə yerli sənətçilər vardı, yenə də olacaq. Gələn il bir çox xarici ifaçılarla duetlər olacaq və qonaq qismində iştirak edəcəklər. Heydər Əliyev sarayında verəcəyim solo konsertimdə səhnədə yalnız özüm olacam. Dato və başqa həmkar dostlarım tamaşaçı qismində zalda əyləşib məni dinləyəcəklər."

Konsertin Gürcüstandan olan müğənni qonağı Dato Xudjadze Zərgərli ilə eyni səhnəni bölüşməsinə necə razı olduğu barədə suala cavab verib:

"Roza Zərgərli optimist, gözəl və ağıllı xanımdır. Gözəl mahnı ifaçısıdır. Mənim üçün bu əsasdır. Belə xüxsusiyyətlərə malik olan, maraqlı insanlarla iş görmək mənim üçün xoşdur."

Konfrans günü axşamı müğənninin paytaxtın dənizkənarı istirahət məkanlarının birində yerli və xarici həmkarlarını bir araya toplayaraq verdiyi konsert baş tutdu. Roza Zərgərli mahnılarını səsləndirərək gələn izləyicilərə musiqi dolu anlar bəxş edib. Konsertdə konfrans zamanı adları qeyd olunan yerli sənətçilər və gürcü müğənni Dato Xudjadze səhnə alıb.

Afaq Gəncəli və Murad Əzimzadənin aparıcılıq etdiyi gecədə əsas maraqlı məqamlardan biri də konsertin sonunda avtomobil lotoreyası keçirilməsi olub. Bununla da gecənin şanslı bilet alıcısının adı müəyyənləşib.

XÜSUSİ MÜXBİR: Tural Hüseyn

FOTO: Rəşad Nəsirov