"Təbəssüm Yarat" uşaq evində - Foto

19-04-2022, 10:49
A+
A-


Təmənna güdmədən yardım edən bir komanda düşünün. Gecəsini gündüzünə qatan, bircə uşağın üzünü güldürmək üçün əlindən gələni edən komanda... "Təbəssüm Yarat" kənd məktəblərinə yardım kampaniyasının 5 yaşı tamam olur.

MagaziNews.az xəbər verir ki, 2017-ci ildən fəaliyyətə başlayan "Təbəssüm Yarat" könüllü qrupunun məqsədi yardımsevər insanlar tərəfindən gələn ianə hesabına ucqar dağ kəndində təhsil almağa çalışan şagirdlərin tədris həyatına dəstək vermək, onları sevindirmək, təhsilə və idmana maraq yaratmaqdır.

Komanda 5 illiyini "Nur uşaq evi"ndəki balacalara yardım apararaq qeyd edib. Yardım kampaniyası çərçivəsində uşaq evinin 25 sakininə geyim, gigiyenik vasitələr, müxtəlif oyuncaqlar aparılıb, çay süfrəsi təşkil olunub.

Qeyd edək ki, "Təbəssüm Yarat" könüllüləri ötən 5 il ərzində Azərbaycanın müxtəlif ucqar rayonlarına - Daşkəsən, Ağdam, Ağcabədi, Astara, Quba, Lerik və Şəkiyə səfər edib. 20-yə yaxın könüllünün fəaliyyət göstərdiyi komanda tərəfindən yardım kampaniyaları çərçivəsində məktəblilərə məktəb ləvazimatları, kitablar və geyim əşyaları hədiyyə edilib.

Komanda kənd məktəblərinə yardımdan əlavə, bir çox layihə və dəstək kampaniyalarının da iştirakçısı olub. Belə ki, ötən 5 il ərzində heyət tərəfindən 350-ə yaxın ehtiyaclı ailəyə ərzaq yardımı edilib.

Əgər siz də bu yardım kampaniyalarına dəstək olmaq istəyirsinizsə, "Təbəssüm yarat" komandasının sosial media hesablarına müraciət edə bilərsiniz.

Daha yaxşı illərə, daha gözəl yaşlara, daha gözəl dünyaya, əziz "Təbəssüm Yarat"çılar!