Azərbaycan Respublikasının sağlam təməli məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub

2-03-2023, 23:20
A+
A-



Bu gün müasir dövlətin sahib ola biləcəyi bütün imkanlara malik Azərbaycan Respublikasının sağlam təməli məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.

Azərbaycan xalqının Ümummilli lideri, dərin siyasi təcrübəyə sahib Heydər Əliyev Ölkəmizin çoxəsrlik dövlətçilik tarixində parlaq səhifələrə malik, nadir istedad və mühakiməsi olan bənzərsiz şəxsiyyətdir. Əlbəttə ki, tarixdə əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. İstisnasız bütün həyatını Azərbaycan xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş Ümummilli liderin xidmətləri müqyisəyəgəlməz dərəcədədir. Müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycanın parçalanmaq, məhv olmaq təhlükəsindən xilası, beynəlxalq hüquqa söykənən demokratik, hüquqi dövlətin formalaşdırılması, milli, mədəni, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, həmçinin bu dəyərlərin inkişaf etdirilərək zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, yeni iqtisadi kursun müəyyənləşdirilməsi, bütün bunların fonunda gələcəyə baxış konsepsiyasının müəyyən edilməsi məhz Ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir.


Hələ Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində qazanılmış nailiyyətlər səbəbindən xalqımız onu yaradıcı, qurucu və xilaskar obrazı kimi yaddaşına həkk edib. Onun yaradıcı dühası qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri də Azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər özünü real həyatda büruzə verib. Bu ideyalar Azərbaycan xalqının dövlətçilik arzularını və hisslərini reallığa çevirib. Tarixə nəzər salsaq görərik ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha ağrılı və çətin prosesdir.

Azərbaycan 1991-ci ildə yenidən müstəqilliyini bərpa etsə də, bu müstəqillik 1993-cü ilin ortalarına qədər sözün əsl mənasında formal xarakter daşımışdır. Həmin dövrləri yaşayan insanlar o dövrdə baş verən hadisələri, hərc-mərcliyi, siyasi anarxiyanı, vətəndaş qarşıdurmasını, səriştəsiz və xəyanətkar “rəhbərlərin” fəaliyyətini gözəl, eyni zamanda ürək ağrısı ilə xatırlayırlar. Bəli uzaq keçmiş olmayan həmin dövrlər bu günki Qüdrətli Azərbaycanla heç bir məsələdə müqayisə edilə bilməz.  Məhz belə bir anda Azərbaycanı uçurumun kənarından xilas edən Ulu Öndər Heydər Əliyev Ölkəmizin qısa zaman kəsiyində bütün istiqamətlər üzrə inkişaf vektorlarını müəyyən etdi. Bu gün müasir dövlətin sahib ola biləcəyi bütün imkanlara malik Azərbaycanın sağlam təməli məhz Heydər Əliyev tərəfindən qoyulub. Bu mənada Ulu Öndər Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar misilsizdir.


Bu gün xalqımız Ümummilli liderin siyasi varisi - yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Qüdrətli Azərbaycan Respublikasının Qalib, Müzəffər Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək, Ulu Öndər ideyalarının, arzularının reallaşması naminə hələ çox zirvələr fəth edəcəkdir!

Nəriman Məcidov;
Neftçala rayon sakini, müəllim