“Gənc Ailələrin I Forumu” keçirildi
“Gənc Ailələrin I Forumu” keçirildi
13 may 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi, “Addım” Yaradıcı Gənclər Assosiasiyasının təşkilatçılığı ilə “Gənc Ailələrin I Forumu”nun açılış mərasimi baş tutub.
Tədbiri açan Assosiasiyanın sədri Hüseyn Cavadzadə, Dövlət Komitəsi ilə birgə uzun zamandır planlaşdırılan layihənin reallaşması ilə bağlı sevincini bölüşüb və Forumla bağlı məlumatları diqqətə çatdırıb. O, Azərbaycanda ailə ənənələrinin qədim tarixə malik olduğunu söyləyib, ailə sütunlarının möhkəmliyinin, dərin köklərə söykənməsinin önəmini qeyd edib. H. Cavadzadə gənc ailələrə vaxt ayırıb Foruma qatıldıqlarına görə təşəkkürünü bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək, Forum iştirakçılarını salamlayıb. Azərbaycanda ailə məfhumuna müqəddəs yanaşmadan söz açan sədr bildirib ki, ailənin qarşısında duran əsas vəzifələrdən biri də cəmiyyət üçün faydalı vətəndaş yetişdirməkdir.
Həyata keçirilən bütün siyasətlərin mərkəzində insan amilinin dayandığını qeyd edən sədr, dövlət ailə siyasətinin də yalnız ailələrimizin rifahı, inkişafı, sağlamlığı və təhlükəsizliyinə xidmət etdiyini söyləyib. O, insanların ilk sosial mühiti olan ailənin rahat, ahəngdar, təhlükəsiz şəraitdə olmasının bütün insanlığın marağında olduğunu, Beynəlxalq Ailə Günü ərəfəsində bütün dünya ölkələrində olduğu kimi ölkəmizdə də müxtəlif tədbirlərin, müsabiqələrin keçirildiyini diqqətə çatdırıb. B. Muradova çıxışının sonunda dövlət qurumu olaraq, cəmiyyətin müxtəlif təbəqələri, eləcə də ictimai sektorla əməkdaşlıq çərçivəsində ailə məsələlərinin daim diqqətdə saxlandığını və bu istiqamətdə təşəbbüslərin dəstəklənməsinə maraqlı olduğunu bildirib. Digər layihələr kimi, Assosiasiya ilə birgə reallaşdırılan bu Forumun da uğurla yekunlaşacağına ümidini ifadə edib.
Çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev bildirib ki, ailə dəyərlərinin qorunması, ailələrimizin inkişafı bizə, eyni zamanda gələcək nəsillərə aid olan bir məsələdir. Ailə institutunun qarşılaşdığı təhlükə və təhdidlərlə mübarizənin önəminə toxunan F.Hacıyev, dövlət qurumları ilə yanaşı ictimai sektorun da bu məsələlərə diqqət etməsini müsbət qiymətləndirib. Azərbaycan ailə institutunu digər dövlətlər və xalqlar üçün nümunə kimi dəyərləndirən nazir müavini, Ulu öndər Heydər Əliyevin ailəsinin, xanımı Zərifə Əliyeva ilə münasibətinin yeni nəsilə ən bariz, parlaq örnək olduğunu söyləyib.
İştirakçıları övladları ilə münasibətdə müsbət davranışları formalaşdırmağa, onlarla dost münasibətləri qurmağa səsləyən F.Hacıyev bildirib ki, gənc nəsillərimizə müasir tendensiyaların müsbət tərəflərini aşılamalı, ailələrimizi qorumalı və sağlamlığı üçün çalışmalıyıq.
Millət vəkili Rauf Əliyev Dövlət Komitəsinin ailə siyasəti sahəsində gördüyü işlərə diqqət çəkib, həyata keçirilən tədbirlərin yeni mədəni münasibətlərin formalaşmasında rolundan danışıb. O, rəqəmsallaşmanın, yeni trendlərin ailələrə göstərdiyi təsirlərdən söz açaraq, bu tendensiyaların fəlsəfəsinin düzgün dərk olunmasının vacibliyini qeyd edib.
Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva gənclərlə müzakirənin ailələrlə iş sahəsində gələcək fəaliyyətin istiqamətinin müəyyən edilməsi, konturlarının cızılmasında önəmli faktor olduğunu söyləyib. Dövlətin güclü, sağlam ailələrin formalaşmasını daim diqqətdə saxladığını deyən sədr müavini, yalnız ailə dəyərlərini qoruyub saxlayan cəmiyyətlərin gələcəkdə yaşaya biləcəyini vurğulayıb. O, insanın bir şəxsiyyət və vətəndaş kimi ailədə formalaşdığını bildirib və 2 günlük Forumun faydalı olacağına inamını ifadə edib.
Rəsmi açılışdan sonra günün proqramına uyğun olaraq, iştirakçılar təlimlərə və müxtəlif fəaliyyətlərə qatılıblar. Eyni zamanda yazıçı Mir Cəlal Paşayevin "Kəmtərovlar ailəsi" hekayəsi əsasında çəkilən, Azərbaycan ailə ənənələrindən bəhs edən "İki yad adam" filmi nümayiş olunub.