"Yanımda tarixi şəxsiyyətə yox, həyat yoldaşıma ehtiyacım var" - Zelenskinin xanımı
Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya BBC-yə müsahibə verib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, Zelenskaya vurğulayıb ki, ailəsi hazırda birlikdə vaxt keçirə bilmir:
"Bu, bir az eqoist səslənə bilər, amma yanımda tarixi şəxsiyyətə yox, həyat yoldaşıma ehtiyacım var. Lakin gücümüzü qoruyuruq. Həm emosional, həm də fiziki olaraq gücümüz var. Müharibə başlayandan bəri adrenalin yaşayıram. Zaman keçdikcə mövcud şəraitə uyğun yaşamalı olduğumun fərqinə vardım.
Bizim bir-birimizi görmək imkanımız olsa da, bu, istədiyimiz qədər çox deyil. Oğlum atası üçün darıxır. Qızımın 19 yaşı var. Səyahət etməyin, yeni həyəcanlar yaşamağın planlarını qurur. Amma hazırda arzularını reallaşdırmaq üçün imkanı yoxdur. Bu, isə məni narahat edir".
O, Zelenskiyə inandığını və dəstəklədiyini vurğulayıb:
"Ona inanır və dəstəkləyirəm. Bilirəm ki, onun kifayət qədər gücü var. Tanıdığım istənilən bir insan üçün bu vəziyyətin daha çətin olacağını düşünürəm. O, həqiqətən çox güclü və iradəli insandır. Və bu, hazırda hamımızın ehtiyac duyduğu şeydir. Zəfərə böyük ümidimiz var, lakin bunun nə zaman olacağını bilmirik".
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı müharibə ötən il fevralın 24-də başlayıb. Məlumata görə, Zelenskinin həyat yoldaşı və uşaqları hazırda Ukraynada deyil. Onların harada olduqları açıqlanmır.