"Qələbə" İdman Festivalı keçiriləcək

7-06-2022, 13:10
A+
A-



Ötən gün Bakı İdman Sarayında 18-19 iyun 2022-ci il tarixdə keçiriləcək "Qələbə" İdman Festivalına həsr olunmuş "Press Konfrans" keçirilib.

MagaziNews.Az xəbər verir ki, konfransda Festivalın layihə rəhbəri, "Qələbə" Ağır Atletika İdman Klubunun və lNBA Qlobal Azərbaycan birliyinin prezidenti Elnur Şıxəliyev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elçin Qasımov, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının baş katibi Seymur Qurbanov, Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayev, "Makkabi Azərbaycan" Mədəni - İdman İctimai Birliyinin prezidenti Aleksandr Mardvinkin və Hakimlər Kollegiyasının sədri Fərhad Ocaqverdiyev iştirak ediblər.Layihə rəhbəri Elnur Şıxəliyev festivalın mahiyyəti barədə məlumat verib.

O, bildirdi ki, "Müzəffər Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində qəhrəman oğularımız düşmən üzərində qələbə qazanaraq tarix yazdılar. Bizdə təşkilat komitəsi olaraq "Qələbə" İdman Festivalını vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr etməyi qərara aldıq. Qələbəni bizə bəxt edən Müzəffər Ali Baş Komandan Cənab Prezident İlham Əliyevə və qəhrəman oğullarımıza təşəkkür edirik, şəhidlərimizin ruhu qarşısında baş əyirik. Festivalın məqsədi sağlam həyat tərzini, kütləvi bədən tərbiyəsi və idman təbliğ etmək,idmançılar arasında sağlam rəqabəti təmin etmək, idmanda zorakılığa qarşı mübarizə aparmaqdır".

Festivalın layihə rəhbəri qeyd etdi ki, biletlərdən əldə edilən gəlirlər Yaşat Fonduna ianə olunacaq.

Daha sonra Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elçin Qasımov Festivalda iştirak edəcək idmançılara uğurlar arzuladı və bu cür festivalların ölkəmizdə keçirilməsinin kütləvi bədən tərbiyəsi və idmanın təbliği üçün əhəmiyyətli olduğunu bildirdi.

Azərbaycan Milli İdman Növləri Assosiasiyasının baş katibi Seymur Qurbanov, Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayev, Hakimlər kollegiyasının sədri Fərhad Ocaqverdiyev və "Makkabi Azərbaycan" mədəni-idman ictimai birliyinin prezidenti Aleksandr Mardvinkin festivalın proqramına daxil olan idman növləri və yarış qaydaları haqqında verilən sualları cavablandırıblar.