"Mina Abbasova növbəti qələbəsini də Azərbaycana həsr etdi"

19-09-2018, 14:46
A+
A-

15-16 sentyabr  Polşanın Katoviç şəhərində Bədii gimnastika üzrə IX Beynəlxalq "Qızıl gürz-2018'' kuboku uğrunda yarış keçirilib. Polşa ilə yanaşı,  Macarıstan, Ukrayna, Çexiya və Belarusiyanın müxtəlif şəhərlərindən 18 klubun mübarizə apardığı turnirdə Azərbaycanı həmyerlimiz,  8 yaşlı gimnast Mina Abbasova  təmsil edib.

Magazinews.az xəbər verir ki, gimnast çoxnövçülük üzrə yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq, qızıl medala layiq görülüb, həmçinin, alətsiz hərəkətlərdə 1-ci, halqa ilə hərəkətlərdə isə, 2-ci pillədə qərarlaşıb. Beləliklə, Mina Abbasova bu gərgin mübarizədə  3 medal (2 qızıl və bir gümüş)  qazanmağa müvəffəq olub.  Balaca qəlbində böyük vətən sevgisi daşıyan, istedadlı gimnastımız Mina Abbasovanın məşqçiləri hələ ötən yarışlardan onun arzu-istəyini, qazandığı uğurları  nəzərə alaraq  Azərbaycanı təmsil etməsi üçün icazə veriblər.   Balaca gimnast  Azərbaycanı qürbətdə digər millətlərin nümayəndələrinə, xüsusi ilə  də, müəllimlərinə,həmyaşıdlarına sevdirə bildiyi üçün özünü çox xoşbəxt sayır.

Qeyd edək ki, Mina Abbasova 5 yaşından başlayaraq iştirak etdiyi bütün beynəlxalq yarışlarda valideynlərinin işi ilə bağlı müvəqqəti yaşadığı ölkəni – Macarıstanı təmsil etsə də,  bu ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən sonra Azərbaycan bayrağı altında çıxış etməyə başlayıb.