Şəhid Murad Nağıyev haqqında bədii filmin təqdimatı oldu

17-10-2022, 13:32
A+
A-




“Qayıtsaydım” adlanan filmin 16 oktyabr 2022-ci il tarixində Park Cinema Alov Qüllələri kinoteatrında nümayişi keçirilib.

MagaziNews.Az xəbər verir ki, nümayişdə şəhid ailələri, müharibə qaziləri və müxtəlif media nümayəndələri iştirak edib. Filmin prodüseri Kamran Ağabalayev, rejissoru isə Ramil Ağasıyevdir. Quruluşçu operatoru Tariel Hacızadə, montaj rejissoru Əhməd Heybətovdur.

Muradın həyatını onun gözündən təsvir edən, Kamran Ağabalayevin Muradın şeirlərini səsləndirdiyi, onun dilindən danışdığı filmin çəkilişləri Bakı, Şuşa, İstanbul və İzmir şəhərlərində həyata keçirilib. Leytenant Murad Nağıyev 9 fevral 1997-ci ildə Qazax rayonunda anadan olmuşdur. O, Türkiyənin nüfuzlu Kuleli hərbi liseyində, həmçinin Quru Qoşunları akademiyasında təhsil almış, müxtəlif yerlərdə hərbi təlimlərdə və toplanışlarda iştirak etmişdir.


Murad Nağıyev 27 sentyabrda başlayan Vətən müharibəsinə elə həmin gün yollanmış, komandirlərinin əmrlərinə və rütbəcə yoldaşlarının israrlarına baxmayaraq döyüşə ən ön sıralarda atılmışdır. O, tank komandiri olaraq Kənd Horadizin alınmasında şücaət göstərmiş, Füzuli, Cəbrayıl, Zəngilan və Hadrut istiqamətlərindəki döyüşlərdə düşmənin xeyli sayda strateji obyektini, zirehli texnikasını və 50-yə yaxın şəxsi heyətini məhv etmiş, düşmən texnikasını qənimət götürmüşdür.


Murad Nağıyev oktyabrın 11-də Cəbrayıl istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. O, oktyabr ayının 20-də İkinci Fəxri xiyabanda dəfn olunmuşdur. Leytenant Murad Nağıyev vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərə qatılaraq vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə "Vətən uğrunda" və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.