"Çat Kapı Aşk” təqdim olundu: “Növbəti gəlişimdə Naftalana getmək istəyirəm” - VİDEO

12-03-2019, 14:20
A+
A-

Ötən gün “CinemaPlus Gənclik Mall” kinoteatrında "Cinemazadeh” studiyasının istehsalı olan və Turkiyədə çəkilmiş "Çat Kapı Aşk” romantik filminin yaradıcı heyətinin bir qismi media nümayəndələri ilə bir araya gəliblər.

Magazinews.Az xəbər verir ki, mətbuat konfransında Türkiyənin məşhur aktrisaları Müge Boz, Nergis Kumbasar, azərbaycanlı aktyor Elməddin Cəfərov və filmin baş prodüseri Cəfər Axundzadə iştirak ediblər.

Rejissorunun Erhan Baytimurun olduğu filmin musiqisi Aynur Axundzadə ve Rüstəm Zeynallıya aiddir. Ssenari müəllifləri Deniz Güney və Nesrin Zamur, operatoru isə Ömer Yılmazdır.

Əsas rollarda Jess Molho, Müge Boz, Nergis Kumbasar, İbrahim Selim, Elməddin Cəfərov yer alıb.

Ekran işinin mövzusuna gəlincə isə bir gün həyatının sevgisi ilə qovuşacağına inanan gənc heykəltəraş qız Su (Müge Boz), onunla bir binada yaşayan, daima özünü narahat hiss edən və bu narahatlığına müxtəlif yollarla son qoymağa çalışan vəkil Arasla (Jess Molho) rastlaşır və ona aşiq olur. Arasla Sunun arasında məhəbbət macərası yaşansa da, onların bir yerdə olmasına ciddi əngəllər var. Aras problemləri həll etməyənə qədər Su ilə münasibətdən qaçmağa çalışır. Həmin binada guya ki, qapıçı işləyən, əslən azərbaycanlı Nəriman (Elməddin Cəfərov) tamam başqa bir məqsəd güdür və o, Sudan kömək istəməyə məcbur olur.

Filmin baş rol ifaçılarından italyan vətəndaşı olan Jess Molho viza probleminə görə son anda Bakıya gələ bilməyib. 

Konfrans öncəsi Bakının tarixi yerlərini gəzən qonaqlar jurnalistlərin suallarını cavablandırıblar.

İlk olaraq, sözə başlayan Cəfər Axundzadə filmi çəkmə məqsədlərindən danışıb:

“İlk Azərbaycan filmidir ki, Türkiyə və Avropa kinoteatrlarında nümayişə çıxacaq. Azərbaycandan kənarda çəkdiyimiz ilk filmdir. Seçdiyimiz aktyorlar həm Türkiyədə, həm də Bakıda sevilən isimlərdir. Rollarına çox uyğundurlar. Çəkilişlərimiz bir aydan çox davam etdi. Çətinliklərlə üzləşdik. Yayın ortasında İstanbulda dolu yağdı. Leysan yağışlar oldu. Çəkilişdə Jess Molhonun iki qolu birdən qopdu. Sonra onun xanımı təsadüfən güllə ilə yaralandı. Bu səbəbdən fasilələr oldu. Necə bir iş ərsəyə gətirdiyimizi tamaşaçılar deyəcək. Studiyamız iki il ərzində bir neçə film ərsəyə gətirib. Filmlərimizin uğurundan sonra Azərbaycan kinosunun coğrafiyasını genişləndirmək istədik. Türkiyədən “Kəklikotu” filmimizə böyük maraq oldu. Hazırda türkcə dublaj işləri gedir.Oranın kinoteatrlarında nümayiş ediləcək. 

Azərbaycana heyran olduğunu deyən aktrisa Müge Boz şəhərimizə təriflər yağdırıb:

“Keçən dəfə “Qış nağılı” filminin çəkilişi üçün Qəbələyə gəlmişdim. Sizin təbiətlə də yaxından tanış olma şansına sahib oldum. Bakıda da çəkilişlərimiz oldu. Daha sonra istirahət üçün gəlib bir neçə gün qaldım. Burada ən çox İçərişəhəri və restoranlarını çox bəyənirəm. Yeməkləriniz təbii və çox ləzzətlidir. Lənkəran çayının böyük həvəskarı oldum. Ancaq bu çaydan içirəm. Küçələriniz, memarlıq abidələri, muzeyləriniz inanılmaz gözəldir. Bütün dostlarıma bura gəlməyi tövsiyyə edirəm. Növbəti gəlişimdə neftlə zəngin Naftalana getmək istəyirəm”.

Artıq paytaxt Bakıya üçüncü dəfə gələn Nergis Kumbasar şəhərimizin gündən-günə dəyişdiyini və çox sevdiyini deyib:

"Bakını çox sevirəm. İlk dəfə işlə bağlı bura gəlmişdim. İkinci dəfə qızım və rəfiqəmlə gəldik. Bu gün isə qala üçün buradayam. Bütün yaxın çevrəmə bura gəlməyi məsləhət görürəm. Bakı sürətlə yenilənir. Mənim babam azərbaycanlı, nənəm isə rus olub. Ona görə də şəhər məni özünə çəkir".

Konfrans zamanı zarafatlarından geri qalmayan Elməddin Cəfərov da təəsüratlarını bölüşüb:

“Çəkilişdə həyacan var idi. İlk səhnəm bir dubla alındığı üçün, özümə inanım yarandı. Daha sonra rahat oldum. Hər dəfə müxtəlif səbəblərə görə, geri dönüş biletimin vaxtı dəyişdirilirdi. Jessin başına o bədbəxt hadisə gələndə hamı ona üzülürdü, mən isə öz halıma ağlayırdım ki, yenə bir həftə gözləyəcəm(gülür) Bu günə qədər çəkildiyim ən bahalı filmdir. Türkiyənin 20-dən çox tanınmış aktyorları çəkilib”.

Daha sonra isə Elektra Events Hall-da filmin türkiyəli aktrisaları Müge Boz, Nergis Kumbasar və ekran işinin yeganə azərbaycanlı aktyoru Elməddin Cəfərovun iştirakı ilə qala gecə keçirilib.

Təqdimatda bir çox tanınmış aktyorlar və aktrisalar, aparıcılar, media nümayəndələri iştirak ediblər. Film izləndikdən sonra yaradıcı heyət səhnəyə dəvət olunub. Qonaqlar ürək sözlərini onlarla birgə filmi izləyən tamaşaçılarla bölüşüblər.

Qeyd edək ki, film 7 martdan etibarən Azərbaycan, Türkiyə və Avropa kinoteatrlarında nümayiş olunur.

"CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sizi sevindirməyə hazırdır.


Tural Hüseyn    
Foto-Video: Sübhan İsmayılov