Azərbaycan dünyanın ən böyük və ən qədim animasiya festivalında

13-06-2022, 14:45
A+
A-




Azərbaycan dünyanın ən böyük və ən qədim animasiya festivalı olan Fransanın Annecy Beynəlxalq Animasiya Film Festivalında təmsil olunacaq. Məşhur festival 13-18 iyun, 2022-ci il tarixlərində keçiriləcək.

Annecy festivalında Azərbaycanı ANİMAFİLM-in təşkilatçıları Rəşid Ağamalıyev və Nəzrin Ağamalıyeva və rejissor Cavid Əhədov təmsil edəcəklər. Cavid Əhədov 4-cü ANİMAFİLM festivalının qalibi Firəngiz Qurbanovanın “BİRLİK” animasiya studiyasının animatorudur. Onun Annecy-də iştirakı "Birlik" studiyasının 4-cü ANIMAFILM festivalının "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" mükafatını qazanması sayəsində mümkün olub. 

Qeyd edək ki, həmin mükafatın sponsorları Azərbaycandakı Fransız İnstitutu (IFA), Fransanın Azərbaycandakı səfirliyi və Annecy festivalının özü olmuşdur.

Xatırladırıq ki, 5-ci ANİLMAFİLM festivalının müsabiqə proqramına filmlərin qəbulu davam edir. Bu il də ANİMAFİLM festivalı Fransanın Azərbaycandakı səfirliyi və IFA-nın tərəfdaşlığı və Annecy festivalının dəstəyi ilə "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" kateqoriyası üzrə ənənəvi mükafat təqdim edəcək. Həmin kateqoriya üzrə qalib 2023-ci ildə MIFA adlı peşəkar akkreditasiya əldə edərək Fransada keçiriləcək Annecy festivalına qatılacaq. Qalibin bütün səyahət və yaşayış xərcləri IFA tərəfindən ödəniləcək. Yerli müəlliflər öz filmləri ilə iyulun 15-nə qədər müraciət edə bilər.

Ondan əlavə, 5-ci ANİMAFİLM festivalının uşaq münsiflər heyətinə də qəbul davam edir. Məhz uşaqların səsverməsi ilə „Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və “Uşaqlar tərəfindən çəkilmiş ən yaxşı qısametrajlı animasiya filmi” müsabiqəsinin qalibləri müəyyən olunacaq. Uşaq münsiflər heyətinə seçilmək üçün müraciət iyulun 15-nə qədər davam edəcək.

5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 7-11 sentyabr 2022-ci il tarixlərində keçiriləcək. Builki festivalın mövzusu “İQLİM DƏYİŞİKLİYİ”dir. Təşkilatçıların qərarına əsasən, bilet satışından əldə olunan bütün gəlir ağac əkilməsinə xərclənəcək.