5-ci ANİMAFİLM festivalının müsabiqə iştirakçıları bəlli oldu

29-07-2022, 21:20
A+
A-


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının seçim komissiyası müsabiqə proqramına daxil edilmiş filmlərin siyahısını elan edib. Siyahı festivalın www.animafilm.az rəsmi saytında dərc olunub.

MagaziNews.Az verir ki, bütün seçilmiş filmlərə beynəlxalq və uşaq münsiflər heyəti baxacaq, qaliblər 5-ci ANİMAFİLM festivalının açılış və bağlanış mərasimlərində elan olunacaq.

Festivala 50 müxtəlif ölkədən 230 film daxil olub. Seçim komissiyası müsabiqəyə 29 ölkədən 75 film qəbul edib. Bu filmlər 1 yerli və 6 beynəlxalq kateqoriyalar üzrə yarışacaq. Bundan əlavə, bu il “Tamaşaçı seçimi” müsabiqəsi də elan olunub. “Tamaşaçı seçimi”nin qalibi festival film nümayişləri zamanı tamaşaçı səsverməsinin nəticələri üzrə müəyyənləşdiriləcək.


Xatırladaq ki, 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 7-11 sentyabr, 2022-ci il tarixində Bakıda keçiriləcək. Festival “İQLİM DƏYİŞİKLİYİ” mövzusuna həsr olunub. Festival çərçivəsində iqlim dəyişikliyi ilə bağlı filmlərin nümayişi və müzakirəsi ilə yanaşı, geniş xeyriyyə aksiyası keçiriləcək. Belə ki, festivalın bilet satışından əldə olunan bütün vəsait ölkə ərazisində ağac əkilməsinə sərf ediləcək. Bilet satışı ilə bağlı məlumat tezliklə elan olunacaq.