DokuBaku Festivalı 6-cı buraxılışın proqramını açıqlayıb
DokuBaku Beynəlxalq Sənədli Film Festivalı 6-cı buraxılışının rəsmi proqramını sizə təqdim etməkdən qürur duyur.
MagaziNews.Az xəbər verir ki, festivalda 33 müxtəlif ölkədən 65 sənədli film nümayiş etdiriləcək. Bütün filmlər 7 kateqoriyada təqdim olunur, Ən Yaxşı Tammetrajlı Sənədli Film, No Main, Ən Yaxşı Beynəlxalq Qısa Sənədli Film və Ən Yaxşı Yerli Qısa Sənədli Film, Müsabiqədən kənar, DokuKids və DokuUA. Builki proqramda həm istedadlı, həm də təcrübəli rejissorların çəkdiyi filmlər yer alır. Azərbaycanda keçirilən festivallar tarixində ilk dəfədir ki, festival tərəfindən seçilən filmlərin 40 faizindən çoxu qadın rejissorlar tərəfindən çəkilib.
Hər il festivalda adları bütün dünyada tanınmış, əsərləri öz sahəsində yüksək standarta çevrilmiş ustad sənədli film rejissorlarının silsilə filmləri təqdim olunur. Bu il biz qazax kinorejissoru Sergey Dvortsevoyun dörd filminin retrospektivini təşkil edəcəyik. Onun "Tulpan" bədii filmi 2009-cu ildə Xarici Dildə Film kateqoriyasına Qazaxıstandan rəsmi olaraq Akademiya Mükafatına təqdim olunub. Digər xüsusi qonaq polşalı rejissor, senarist və prodüser Pavel Lozinskidir, o, “Balkon” filmini təqdim edəcək.
Münsiflər heyəti yerli və xarici kinorejissor və prodüserlərdən ibarətdir. Onların arasında məşhur fransız fotojurnalisti Reza Deqati, azərbaycanlı rəssam Səbinə Şıxlinskaya, festival direktoru Ondrey Kamenitski, azərbaycanlı prodüser Leyla Dostalizadə, EMMY mükafatına layiq görülmüş prodüser Kirstin Barfod və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Audiovizual və İnteraktiv Media şöbəsinin müdiri Rüfət Həsənov da var. Bəzi nümayişlər ödənişsiz olacaq.
Biletləri iticket.az saytından əldə etmək olar. Qaliblər Festivalın son günü, sentyabrın 25-də elan olunacaq.
Festival proqramını QR-kod vasitəsilə yükləmək olar.