6-cı DokuBaku Beynəlxalq Film Festivalı başlayıb

25-09-2022, 14:09
A+
A-


6-cı DokuBaku Beynəlxalq Film Festivalı başlayıb. Sentyabrın 21-də DokuBaku-nun açılış mərasimi baş tutub.


Magazinews xəbər verir ki, festivalın direktoru İmam Həsənovun təbriki ilə başlayan mərasim avstriyalı kinorejissor Mariya Arlamovskinin “ROBOLOVE” filminin nümayişi ilə davam edib. Bu il festivalda  33 müxtəlif ölkədən 60-dan çox sənədli film nümayiş etdiriləcək. Bütün filmlər 6 kateqoriyada təqdim olunur, yəni Ən Yaxşı Tammetrajlı Sənədli Film, No Main,  Ən Yaxşı Beynəlxalq və Yerli Qısa Sənədli Film, Müsabiqədənkənar, DokuKids və DokuUA.

   

 

Bütün filmlər Festivalın əsas mövzusuna,  Re≈MC2VOLUTiON/OFF (Təkamülə qarşı inqilab) - a həsr olunub. Mərasimdə beynəlxalq və yerli münsiflər heyəti təqdim olunub. Onların arasında çoxsaylı beynəlxalq mükafatlar laureatı, rejissor Sergey Dvortsevoy, azərbaycanlı yazıçı, dramaturq və rejissor İsmayıl İman, FIPADOC-un idarəedici və bədii rəhbəri Kristin Kamdessus, azərbaycanlı prodüser Leyla Dostalizadə, rumın yazıçısı və rejissoru Boqdan Mureşanu, azərbaycanlı rejissor və senarist Asif  Rüstəmov, iranlı kinorejissor Reza Siami, bolqar jurnalist, senarist və rejissor Emil Spahiyski, Azərbaycanda müstəqil kino təbliğatçısı Rəşad Şirinov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Audiovizual və İnteraktiv Media Şöbəsinin müdiri Rüfət Həsənov var. 

 

 

Açılış mərasimində festivalda öz filmlərini təqdim edəcək bir çox beynəlxalq və yerli kinorejissor və prodüserlər - Pavel Lozinski, Helmut Dosantos, Aqneşka Mankieviç, Mətləb Muxtarov, Nihad İsa, Amil Amal və İlkin Yusif də iştirak ediblər. DokuBaku 21-25 sentyabr tarixlərində keçirilir. Sentyabrın 25-də Nizami Kino Mərkəzində festivalın bağlanış mərasimi baş tutacaq.