Akademik Musiqili Teatrın aktyorları “Səbail Şəhidləri” abidə - kompleksinin açılışında

3-11-2022, 21:15
A+
A-


Səbail rayonunun Badamdar qəsəbəsində Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədilə “Səbail Şəhidləri” abidə-kompleksinin açılış mərasimi keçirilib.


Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, abidə kompleksinin önünə gül dəstələri düzülüb.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, millət vəkilləri Nigar Arpadarai və Aqil Abbas, RİHB-nın müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələri iştirak ediblər.


Tədbir Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu rejissoru Samir Qulamovun ssenarisi və quruluşunda hazırlanan “Bizə bir nəfəs qədər yaxınsınız” adlı ədəbi-bədii kompozisiyası ilə davam etdirilib.


Kompozisiyada tarzən Səxavət Məmmədovun müşayiəti ilə teatrın tanınmış aktyorları Gülnarə Abdullayeva, Mehriban Zaliyeva, Gülnarə Əzizova, Gültac Əlili, Səmədzadə Xasiyev, İbrahim Əlizadə, Əmrah Dadaşov çıxış ediblər. Onların ifaları alqışlarla qarşılanıb, hər kəsdə xoş, zərif duyğular oyadıb.


İştirakçılar bir daha 44 günlük müharibədə Vətən uğrunda şəhid olan igidlərimizin əziz xatirəsinə ehtiramlarını bildiriblər.