YARAT-da “Hədis” animasiya filminin premyerası baş tutdu

3-06-2023, 22:58
A+
A-


1 iyun 2023-cü il tarixində, Uşaqların Beynəlxalq Müdafiəsi Günündə, YARAT Müasir İncəsənət Mərkəzində “Hədis” qısametrajlı animasiya filminin milli premyerası baş tutdu.


MAGAZINEWS xəbər verir ki, rejissoru Nəzrin Ağamalıyeva olan “Hədis” simvolik olaraq qarğaların hökm sürdüyü ədalətsiz dünyada haqq-ədalət uğrunda mübarizə aparan gənc qız haqqındadır.

“Hədis” qısametrajlı animasiya filmi 2022-ci ilin sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan Türkü Hədis Nəcəfiyə həsr olunub, İranda gender, etnik və mədəni ayrıseçkiliklə mübarizə aparanlara ithaf olunub. Hədis hazırda İranda Azərbaycan müqavimətinin və etnik mübarizənin simvolu kimi də hörmətlə qarşılanır.

Tədbirin əvvəlində muğam səsləndi. Tarzən Əfqan İsgəndərov, xanəndə Mirəli Sarızadə, kamança ifaçısı Fərid Babayev tamaşaçılar üçün “Ayrılıq” və “Qaragilə” mahnılarını ifa etdilər.

Filmin nümayişindən sonra yaradıcı komanda ilə sual-cavab sessiyası oldu. Rejissor Nəzrin Ağamalıyeva, sseanari müəllifi İsmayıl İman, storyboard rəssamı Kübra Binnətova, qrafik dizayner Seymur Allahyarlı və “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin nümayəndəsi Rəcəb Həsənbəyli tamaşaçıların suallarına cavab verdilər.


Xatırladaq ki, “Hədis” rəsmən bu ilin Annecy Beynəlxalq Animasiya Filmləri Festivalının müsabiqəsinə daxil edilib. Annecy festivalı dünyanın ən böyük və aparıcı animasiya festivalı kimi tanınır. Bu ilin müsabiqəsində “Hədis” 112 ölkə üzrə 3250 film arasından seçilib. Qeyd edək ki, qısametrajlı kateqoriyada yarışa cəmi 71 film layiq görülüb. Annecy müsabiqəsinə daxil edilmək Azərbaycan kino sənayesi üçün mühüm nailiyyətdir.

Filmin prodüseri Rəşid Ağamalıyev, məsləhətçisi Məsud Pənahi, aparıcı animatoru Andrea Szelesovádır, montajçı Jorge Sánchez Calderón, bəstəkar Ondřej Zavadil, səsləndirən Zöhrə Kərimi, redaktoru Rafiq Məmmədlidir. Filmin partiturasında Azərbaycanın məşhur musiqiçisi Sevda Ələkbərzadənin musiqisi səslənir.


“ANİMAFİLM Studio” animasiya studiyasının istehsal etdiyi “Hədis” filmi “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin maliyyə və ideya dəstəyilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası, “Əkinçi” platforması və “Skwigly” online animasiya jurnalı filmə media dəstəyi verib.