İçinə uçmuş həyat və "matroşka"dan çıxan "Qadınım"

31-01-2024, 12:28
A+
A-


Bayırda çiskinli, bir az da sulu qara çalan yağış yağır. Lap Fikrət Qoca deyəndən – “Qarı, çiskin yağışı, əyri-köndələn...”  Bakının küləksiz, sakit gecəsi hələm-hələm ələ düşməz. “Qucağında Xəzərin yatıb dincəlir” sanki, elə həzindir. Səhnədə baş verənlər çöldəki havaya həmahəngdir. Bakının havası mahnının sözlərini çalsa da, qulaqlarımda Tanju Okanın “Qadınım” mahnısı oxunur. Tamaşanın adını eşidəndən ona köklənmişəm. 

Əşyalar toplanmış səninlə birlikdə,

Anılar saçılmış odaya, hər yerə,

Sevdiyim o qoxu yox artıq bu evdə,

Noolur tərk etmə, sənsizlik çox acı...

Sən, kadınım...

Elə bil, səhnədəkilər də bu mahnının sədaları altında indicə Bakının o sakit, çiskinli havasından özlərini teatrın səhnəsinə verib daldalanıblar və bayaq orda aralarında cərəyan edənlər burda davam edir. Səhnədə də yağış yağır, islanmışın yağışdan qorxusu olmaz, aşiqlər də qorxmurlar, çox islanıblar. Həm də zatən, həyat da bir səhnədir, səhnə də həyatın inikasıdır... Onların ovqatına düşüb, sənətin və düşüncələrin yağışında “islanıram”.

Akademik Musiqili Teatrın səhnəsində Türkiyə dramaturqu Tuncər Cücənoğlunun “Matruşka” əsəri əsasında rejissor İradə Sayya Gözəlovanın quruluş verdiyi “Qadınım” tamaşasının premyerasıdır. Tamaşanın bədii rəhbəri əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.

“Matruşka” iç-içə, biri o birindən kiçik bir neçə, deyəsən 5 qadın kuklasından ibarət, Rusiya folkloruna xas suvenirdir. Əsərin qadın qəhrəmanı onu kişi qəhrəmanına ad günü hədiyyəsi verir. Çox rəmzidir, kişinin həyatında bəlkə o matruşkaların sayından çox qadın olub, var, amma onun qəlbi isinmir. Hər dəfə başqasında gəzir öz ocağında tapa bilmədiyi hərarəti, başqa heç bir qucaqda da tapa bilmir. Axtarışlarından biri də bu qadındır, əsərinin premyerasında tanıdığı, vurulduğu, yaşadığı qadın. Qadın da xoşbəxt deyil, həyatının idealının, güvənəcəyi, isinəcəyi və bir ömür davam edəcəyini zənn etdiyi güclü qolların həsrətindədir. Bu odur, mənə ov kimi baxmır, güvəniləndir, etibarlıdır -deyə düşünərkən qarşı tərəf onu necə ovlamaq barədə düşünür, nəfsini müvəqqəti boğaraq, onu ram etməyə planlar qurur. Xanımı zəng vurur, “xalam oğludur” – deyə qadını aldadır, qadın bilərəkdən aldanır.

Vicdanın səsini dinlə, bax nə deyir

Sənin üçün bir can, bir can gedir...

Musiqilər tamaşanın gedişatını o qədər axıcı edir ki...

Səninlə yaşamaq gözəl şey, amma

Sənsiz yaşamağı bir də mənə sor...

Bu yerdə aktyorlardan bəhs etməyin yeridir. Çünki musiqili lirik-psixoloji dram kimi təqdim olunan tamaşada əsas missiyalardan biri musiqinin üzərinə düşür. Hər iki aktyor həm rollarının, həm də mahnıların ifasının öhdəsindən eyni dərəcədə gözəl gəlir. Türk retro musiqilərinin canlı ifa olunduğu “Qadınım”da teatrın gənc aktyorları – kişi rolunda Prezident mükafatçısı Əmrah Dadaşov, qadın obrazında istedadlı aktrisa Gültac Əlili və teatrın xor artistləri iştirak edirlər.

Səhnədə tamaşanın süjetini pyesin özü qədər ağırlıqda daşıyan mahnıların canlı ifası tamaşaçını alıb, hadisələrin içinə salır. Tamaşaçı tamaşaya baxmır, tamaşa onun ətrafında baş verir. Tamaşanın süjet xəttinin əsasını iki aşiqin öz hissləri uğrunda mübarizəsi təşkil edir. Əslində, hər biri ayrı-ayrılıqda özü ilə, öz hissləri ilə mübarizədədir. Kişi evlidir, ailəsinə, qızına dönməlidir, qadın isə onun evli olduğunu bilir və bu səbəbdən qayğılıdır. Münasibətin belə davam edə bilməyəcəyini bilir. Təbii ki, bütün belə məhkum münasibətlərdə olduğu kimi, kulminasiya gəlib çıxır bu yerə: 

Getmə, sənə möhtacam,

Gözümdə nursan, başımda tacım, 

Möhtacam...

O qədər canlı, ürəkdən ifa edirlər ki, səhnə ilə tamaşaçı arasında məsafə götürülür, bəzən belə məqamlarda tamaşaçı mahnıya qoşulub oxuyur, əl çalır və  tamaşada olduğun sillə kimi adamın üzünə çırpılır. Aktyorun müğənnidən fərqi ondadır ki, mahnını oynadıqları obrazın içində, ondan çıxmadan deyil, onu tamamlayaraq ifa edirlər. 

Allahım, Allahım, atəşlərə yürüyorum...

Atəşə atılıblar artıq, hər iki tərəf yanır və bu reallığın içində hər kəs özünü axtarır – həyatının hansı məqamındasa bu atəşə yanıb, yaxud yana bilərsə, necə hərəkət edər? Kim haqlıdır, kim günahkar? Düşüncələr, təəssüflər, tərəddüdlər...

Əmrah Dadaşovu bundan əvvəl Kvazimoda obrazında izləmişəm, açığı, o qədər də bəyənməmişdim, yerində deyilmiş. Bu tamaşadakı aşiq rolu aktyorun potensialının daha yüksək olduğunu göstərdi. Arada “hayıf bu səsdən, istedaddan ki, yalnız teatr divarları arasında çırpınır” – düşündüm. Bəlkə də səhv etdim, bilmirəm...

Bir az müəllifdən söhbət açım. Tuncər Cücənoğlu imzası Azərbaycanda da teatr camesinə yaxşı tanışdır. Yazıçı-dramaturqun zəmanəmizin ən bariz mənəvi problemlərindən bəhs edən əsərləri dünyanın 15-dən artıq ölkəsində səhnəyə qoyulub. Onlar rus, ingilis, alman, fransız, bolqar, yunan, makedon, isveç, gürcü, yapon, azərbaycan, tatar, çin, ərəb, fars, ukrayna, macar, çərkəz, litva, özbək dillərinə, ümumilikdə 30-dan artıq xarici dilə tərcümə edilib. Onun “Uçqun”, “Matruşka”, “Rəngsaz”, “Gözəlçələr”, “Qızıl çay”, “Çıxmaz küçə”, “Sənət”, “Təyyarə”, “Şapka”, “Ziyarətçi”, “Qadın sığnağı” və s. əsərləri 40-dan çox ölkədə səhnəyə qoyulub. Bu günə qədər “Kor döyüşü”, “Ziyarətçi”, “Ah, bir yoxsul olsam”, “Uçqun”, “Gözəlçələr” və “Boyaçı” adlı əsərləri Gəncə Dram, Akademik Milli Dram da daxil olmaqla, Azərbaycan teatrlarında səhnələşdirilib. Müəllif özünü Azərbaycan xalqı ilə ruh əkizi hesab edirdi. “Qızıl çay” əsərinin balet librettosuna bəstəkar Cavanşir Quliyev səhnə həlli verib. Bu əsər Türkiyənin və bir çox ölkələrin opera teatrlarının repertuarında ifa olunur. Müəllif barədə bu qədər yetər, rejissordan da bir neçə kəlmə deyim, sonra sizə səhnədə baş verənlərin ağuşuna salmağa iddialıyam. 

Prezident mükafatçısı, rejissor İradə Sayya Gözəlovanın dəsti-xəttilə hələ Vaqif İbrahimoğlunun “Yuğ” teatrından tanışam. Ustadı kimi tamaşalarının biri o birinə bənzəməz, fərqi ondadır ki, İradənin estetikası hər tamaşada fərqli olur. Bu dəfə də elə oldu, təəccüblənmədim, “bu da İradə Gözəlovanın fərqidir” – düşündüm. 2015-ci ildə burdan Gəncəyə onun səhnələşdirdiyi “Dəli yığıncağı” tamaşasına baxmağa getmişdim, inanırdım ki, Tofiq Kazımovdan sonra (1978) kimsənin səhnələşdirməyə cəsarəti çatmadığı bu əsərə onun öz baxışını görəcəm. 

Rejissor müəlliflə ilk dəfə tanış olmur. Tuncer Cucenoglunun “Ziyarətçi” pyesini Antalya Dövlət Dram Teatrında səhnələşdiib. Axmeteli Dövlət Dram Teatrında “Uçqun” pyesini qoyub. Bu, onun əsərləri ilə üçüncü işidir. Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, xormeysterı Məlahət Qasımova, musiqi tərtibatçısı Əmrah Dadaşovun özüdür. Səhnənin divarında qəhrəmanların həyatını əks etdirən, tamaşaya ahəng qatan videogörüntülər vaqeədə əriyib, ümumi ahəngə qarışır. 

Sən başıma gələn ən az, ən çox hatalarım...

Davam edir, görüşürlər, xoşbəxtdirlər, anları, saatları, günləri yaşayırlar, amma bütün bunlar dörd divar arasına məhkumdur, çıxa bilmir, aləmə yayıla bilməz, yayılsa xoşbəxtlik olmayacaq, yayılmasa da... xoşbəxtlik deyil. 

Həyat bəzən elə insafsız ki,

Kiçik bir boşluğundan yaxalar

Hiss etdirməz, ən zəif anında

Səni tən ürəyindən yaralar...

Mahnı münasibətlərin kulminasiyadan aşağı yuvarlandığını göstərir.

Artıq qadın onu öz xanımına qısqanır, onları ayırmağa çalışır. Uşağa qaldığını deyir, sonra yalan dediyini etiraf edir. 

Biliyorum evlisin, seni bekliyor yuvan...

Bütün “xəcalətli” münasibətlərin sonluğu və 

Səndə benim kadar gerçəkləri görüyorsun...

həqiqəti. 

Kişi onların küsüşdüyü günlərdə başqa qadınlarla olduğunu, sonra da xanımının hamilə qaldığını və bunun onun dediyi kimi yalan deyil, həqiqət olduğunu həyatın çılpaq reallığını qadının üzünə sillə kimi çırpır.

Mən sənin həyatından getdim

Haydı, o sari odalarda dur, dura bilirsən...

Uzaq məndən eşq, uzaq artıq.

Səhnədə pərdələr var, baş verənlər tül pərdələr arxasında cərəyan edir. Yəni, əslində görünməz deyil, hamı görür, bilir, yaşayır, amma həm də pərdənin o tərəfindədir. Həyatda olduğu kimi, xoşbəxt tərəf yoxdur bu münasibətlərdə. Ailəsində xoşbəxtliyini tapmayıb onu kənarda axtara-axtara əxlaqı pozulan kişi saf münasibətlərdən artıq çoxdan uzaq düşüb. Səadətini başqasının bədbəxtliyi üzərində qurmaq istəyindən çəkinməyən qadın da bədbəxtdir.

Kişinin həyat yoldaşı da xoşbəxtlərdən deyil, tamaşa boyu yalnız kölgə rolunu oynayır, həyatı kölgə kimi yaşayır. Hamı bədbəxtdir, çünki əvvəldən yanlış qurulub həyat. Sonda səhnənin yuxarısından ortasına enən qırıq əşyalar qırıq talelərin göstəricisidir. 

İki məqamı da qeyd etmək istəyirəm. Birincisi, intim səhnədə tamaşaçını itələyən nə isə var. Bu yerdə zərgər dəqiqliyi tələb olunur, bəlkə ən xırda bir detal hər şeyi dəyişə bilər, ya yaxşıya, ya pisə doğru. O detal artıq da ola bilər, əksik də – mükəmməllik üçün. Yəqin onu rejissor özü də görüb və aradan qaldıracaq. 

İkinci detal isə tamaşanın sonu ilə bağlıdır. Tamaşaçı alqışlayır, səhnə tamaşaçını hiss etmir, aktyorların başı özlərini təbrik etməkdə, rejissor da onlarladır, amma tamaşaçıya fikir verən yoxdur və tamaşaçı sadəcə dönüb getməli olur. Əslində isə səhnədəkilər zaldakılara, zaldakılar isə səhnədəkilərə minnətdarlıq etməlidir. Biri alqışla, o biri baş əyməklə – bu, unuduldu. Tamaşa boyu hakim olan bərabərlik, iç-içəlik son addımda pozuldu.

Xoşuma gələn cəhət o idi ki, Əmrah Dadaşov tərəf müqabilini bağrına basıb, təşəkkür edirdi. Elə bil, səhnədə ona yaşatdıqları üçün üzr istəyirdi. Həssas məqamdır.  

Əllər günahkar, dillər günahkar

Dünya günahkar...

məsum deyiliz heç birimiz.

Auradan çıxıram bayıra, yağış sakitcə davam edir. 

Tamaşanı birlikdə seyr etdiyimiz yazıçı Rəşad Məcid özünü atıb bayıra, yağışa baxmadan bir siqaret yandırıb, hansısa içində qalan suala cavab axtarırmış kimi düşünür. Diqqətimi çəkdiyini sezib, Ramilə xanım, çoxdan belə tamaşaya baxmamışdım – deyir və artıq 3-cü dəfə rejissorun adını soruşur. 

Bakının “əyri köndələn çiskinli yağışı” altında şükür etdiyim həyatıma davam edirəm.

(pressklub.az)