“Ulduz” filminin yenilənmiş versiyası tamaşaçılara təqdim edildi

4-12-2019, 14:07
A+
A-
“Ulduz” filmi bərpadan olunduqdan sonra ilk dəfə tamaşaçı nümayişinə çıxıb.

Magazinews.Az xəbər verir ki, 55 il bundan öncə çəkilən bədii filmi “Balans” milli rəqəmsal studiyası yenidən bərpa edib. Film 55 illik yubileyi münasibətilə bərpa olunub. Ekran işinndə görüntü və səslər üzərində gözə görünən şəkildə xeyli iş aparılıb.

Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov, Bahadur Əliyev kimi sənətkarların rol aldığı film Azərbaycan kino sənətinin icilərindən sayılır.

Nizami Kino Mərkəzində keçirilən təqdimat gecəsində layihənin səbəbkarları çıxış ediblər.

İlk olaraq, ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev qeyd edib ki, bu əsəri mütəxəssislər böyük çətinliklərlə bərpa ediblər. Daha sonra filmin köhnə və yeni versiyaları nümayiş olunaraq, aralarındakı fərq tamaşaçılara açıq şəkildə nümayiş edilib.

Ekran işində Yetər obrazına həyat verən Suğra Bağırzadə nitqində filmə necə dəvət olunması barədə xatirələrini bölüşüb.

Səhnəyə dəvət edilənlər sırasında “Azərbaycanfilm” kinostudiyasının direktoru Cəmil Quliyev, “Ulduz” musiqili operettasının müəllifi Süleyman Ələsgərovun nəvəsi Tahir İmanov da olub. Onlar çıxışlarında görülən iş üçün Vahid Mustafayevə təşəkkürünü bildiriblər.

Qeyd edək ki, ekran işi 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında rejissor Ağarza Quliyev tərəfindən “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb. 1965-ci il martın 29-da Nizami adına kinoteatrda musiqili kinokomediyasına ilk baxışı olub. 

Əlavə edək ki, film Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu və “Səba” ASC-nin sifarişi ilə ANS Şirkətlər Qrupuna daxil olan BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilib. Layihənin həyata keçirilməsinə Azərbaycan Mədəniyyət Nazirliyi, “Azərbaycanfilm" kinostudiyası və Nizami Kino Mərkəzi dəstək olublar.