Akademik Musiqili Teatr növbəti işini Laçına ithaf etdi

1-12-2020, 11:26
A+
A-

 Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bir-birinin ardınca maraqlı layihələrini uğurla davam etdirir. Yaradıcı heyətin tamaşaçılara təqdim etdiyi yeni layihə Laçın rayonunun işğaldan azad olunmasına həsr edilib.

MAGAZINEWS.AZ xəbər verir ki, teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin bədii rəhbərliyi ilə ərsəyə gələn "Laçına ithaf" kompozisiyası artıq sosial şəbəkə izləyicilərinə təqdim olunub. Kompozisiyada ABŞ-da yaşayan həmyerlimiz, kamança ustası İmamyar Həsənovun (ANNA RF qrupu ilə) ifasında "Ay Laçın" xalq mahnısından və tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızının "Laçın"  şeirindən istifadə olunub. İdeya müəllifi Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Zakir Ağayev olan gözəl sənət işinin quruluşçu rejissoru Samir Qulamov, quruluşçu operatoru Hikmət Şahverdizadə, quruluşçu rəssamı Vüsal Rəhimdir.

 Teatrın istedadlı aktyorları, vokal ifaçıları —  Əməkdar artist Səidə Şərifəliyeva, Mehriban Zaliyeva, Gültac Əlili, Aydan Həsənova, Səmədzadə Xasiyev, Əmrah Dadaşov və Emin Zeynallının qəlbi ovsunlayan, məlahətli səsləri, balet artistləri — İranə Kərimova və Məhəmməd Abdullayevin təsirli perfomansı sanki bizi doğma yurd yerlərimizə səsləyir. Təqdimatın özündə də elə beləcə qeyd olunur: "Yolumuz Laçınadır!"

Kollektiv üzvləri — istər teatrın aktyor heyəti,  istər xor, istərsə də balet truppasının artistləri bundan sonrakı planlarını Şuşa, Laçın, Ağdam, Füzulidə və digər doğma məkanlarımızda davam etdirmək arzusunda olduqlarını bildirdilər.