"Azərbaycan animasiyasının gələcəyi" adlı dəyirmi masa keçirilib

3-02-2021, 11:37
A+
A-


31 yanvar 2021-ci il tarixində "Azərbaycan animasiyasının gələcəyi" adlı dəyirmi masa keçirilmişdir.


MAGAZINEWS.AZ xəbər verir ki, artıq ənənə halını almış dəyirmi masa üçüncü dəfədir ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı tərəfindən təşkil olunur.

Onlayn olaraq təşkil edilən görüşdə Azanfilm, 3Dost, Harmony of Chaos, Tartoniks, Macara TV, Azkinder və Animafilm animasiya studiyalarının nümayəndələri, rejissorlar, prodüserlər, animasiya rəssamları, animatorlar, ssenari müəllifləri, bəstəkarlar, animasiya müəllimləri və CGİ mütəxəssisləri iştirak etmişdir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov görüşün xüsusi qonağı qismində iştirak etmişdir. R. Həsənov iştirakçılara ölkəmizdə aparılan yeni kino islahatlarından bəhs etmişdir. O həmçinin tezliklə yaradılacaq Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Böyük Qayıdış” adlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi haqqında görüş iştirakçılarına ətraflı məlumat vermişdir.

Daha sonra ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyev iştirakçılara “Azərbaycan Animasiya Assosiasiyası” (AAA) adlı İctimai Birliyin yaradılması haqqında məlumat verdi. O bildirdi ki, AAA-nın məqsədi milli animasiya sənayəsinin inkişafına töhfə vermək olacaqdır.

2018-ci ildə yaradılmış ANİ̇MAFİLM Azərbaycanın ilk və yeganə beynəlxalq animasiya festivalıdır. Festival hər il oktyabr ayında keçirilir və beş gün ərzində tamaşaçılara zəngin proqram və onlarla yerli və xarici animasiya filmlərini təqdim edir. Təşkilatçıların məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları vahid platformada görüşdürməklə faydalı əməkdaşlıq qurmaq, gənc və perspektivli kadrların yetişdirilməsinə töhfə vermək, həmçinin Azərbaycanda animasiya sənətini təbliğ və inkişaf etdirməkdir.