Əri başına alma qoyub tüfənglə nişan alırdı - Nebahat niyə ana olmadı?

5-08-2023, 23:05
A+
A-


Lent.az "Göz önündə" rubrikasında məşhur türk aktrisası Nebahat Çehrenin həyatından bəhs edir.

Nebahat Çehre qocaldıqca şöhrəti və gözəlliyi artan nadir insanlardandır. O gəncliyində rəsmi şəkildə Türkiyə gözəli seçilsə də, ömrünün baharında "Yeşil Çam"ın Türkan Şoray, Fatma Girik, Filiz Akın, Gülşen Bübükoğlu kimi gözəl aktrisalarının kölgəsində qalmış, ikinci dərəcəli rollarla yetinməli olmuşdu. Amma istedad ölmür və gec də olsa öz bəhrəsini verir. Nebahat Çehre 70 yaşında yenidən şöhrətin zirvəsinə çıxmağı, hər kəsi geridə qoymağı bacardı. Adları çəkilən həmkarları yaşlandıqca o gəncləşdi, şöhrətləndi.

Aktrisa 1994-cü il martın 15-də Samsunda doğulub. Atası gürcü, anası laz qızı idi. Atasını erkən itirmiş, anası yenidən evlənib, onu ögey atanın evində böyüməyə məcbur etmişdi. Bu hadisə onun həyatına o qədər təsir etmidşi ki, Nebahat özü ömür boyu övlad sahibi olmaq istəməmişdi.

15 yaşında Türkiyə gözəli seçilib

Hərçənd hələ də bu addımın yanlış olduğunu və özünü gözəl hesab etmədiyini deyir. Gözəl seçildikdən sonra iki il bir memarın katibəsi işləyir, film təkliflərinə yox deyir. Amma sonra razılaşır və ard-arda 127 filmə çəkilir. Film çəkilişləri zamanı məşhur rejissor, Çirkin Kral ləqəbli Yılmaz Güneylə tanış olur və aralarındakı eşq macərası dillərə düşür. O qədər alovlu bir sevgi ilə bir-birlərinə bağlanırlar ki, tezliklə evlənirlər. Lakin bu ailənin ömrü çox sürmür.

İddialara görə, Çirkin Kral gözəl arvadını öldürmək istəyib, dəfələrlə döyüb, maşınla əzib, başına alma qoyub tüfənglə nişan alıb. Boşanırlar. O zaman Nebahat çox sevsə də, Yılmazla davam edə bilməyəcəyini anlayıbmış. Hamiləliyini abortla başa çatdırır və bir daha uşaq sahibi ola bilmir. "Mən ögey atayla böyüdüm, uşağım böyüməsin" deyir, daha uşaq istəmir.

"Mən bit üçün yorğan yandıraram, yalnış gedərsə evliliyi də, karyeramı da sona çatdıraram" deyir müsahibələrində. Çox maraqlıdır ki, ayrılandan sonra Yılmazla dostluq münasibətləri davam edib.

Daha sonra milli basketbolçu ilə evlənən Nebahatın bu dəfə də bəxti gətirmir, 3 il sonra ayrılırlar. O özünü tənha yaşamağa məhkum edir, bir daha heç kimlə adı hallanmır. 70-ci illərdə Nebahat "Büklüm-büklüm" adlı bir mahnı yazdırır və müğənni kimi fəaliyyətə başlayır. Kinodan pul qazanmasa da, kazinolardan bir gecəsinə 10 milyon lirə qazanır və bütün pullarını daşınmaz əmlaka yatırır. Uzun illər gözə görünməyən Nebahat 67 yaşında olarkən "Aşkı Memnu" serialındakı Firdevs xanım rolu ilə ulduz kimi parlayır. Seriala çəkilərkən 70-ə yaxın yaşı olmasına baxmayaraq, gənc qız ədasında, cilvəsində olan aktrisa hər kəsi heyrətləndirir.

"Aşkı- Memnu"nun" film versiyasının çəkiləcəyini eşidincə isə reaksiyası belə olmuşdu: "10 ildir biz köhnəlmədən izlənilirik. Kaş ki, 30-40 il sonra çəkməyə başlayaydılar, uğursuz alınacaq".

Bu roldan sonra "Möhteşem yüz yıl" seralındakı Valide Sultan obrazı ilə film sektorunda yerini daha da möhkəmləndirir.

Gənckən bir ara seks filminə də çəkilib, lakin sonra bu filmin aradan qaldırılmasına da xeyli əmək sərf edib.

Hazırda 79 yaşında olan aktrisa sanki zamana meydan oxuyur. O idmanla məşğul olmadığını, 30 ildir eyni kremdən istifadə etdiyini, özünə xüsusi qulluq göstərmədiyini, gənclik sirrinin genetikadan gəldiyini deyir. Xarakteri isə Firdevsdən çox fərqlidir. Daha sakit, intriqalardan uzaq. Pula gəlincə, onu kim sevmir ki?

"Düzgün geyinməyi, özümü necə aparmağı bilirəm, əsalətimi qoruyuram. Hər bir qadın gözəldir, əsas odur, özünü tanıyasan" deyə yaşlandıqca gözəlləşən xanım bildirir.