“CinemaPlus-da “Fəlakət” - "Mənəvi tərəfdən çətin oldu” – FOTO - VIDEO

21-11-2018, 14:29
A+
A-
“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında komediya janrında olan “Fəlakət” filminin Qala-gecəsi keçirilib.

Magazinews.Az xəbər verir ki,  “Fəlakət” filmi, bu günədək sevilən eyni adlı obrazın həyatından bəhs edir.  Kinoteatr filmin məzmununa uyğun olaraq orijinal dekorasiya ilə bəzədilmişdir.  Filmdə Elşən Orucov, Azər Aydəmir, Nofəl Şahlaroğlu, Ülvi Həsənli, İqrar Salamov, Orxan Ata, Ləman Mərih, Taleh Yüzbəyov, Nəsibə Eldarova, Solmaz Süleymanlı, Zaur Baliyev, Nahid Kərimli, Tural Əzizov, Ceyhun Məmmədov, Vüsalə Həsənli, Svetlana Əliyeva, Səbuhi Bayramov, Emil Mammadov, Həsən Ağa, Azər Səlimli və digərləri rol alıblar.

"Bozbash Pictures" komandasından kənar, Fəlakət kimi ilk filmini təqdim edən əsas  qəhrəman Elşən Orucov Magazinews.Az-a müsahibəsində yeni ekran işlərindən danışıb:

"Filmimiz yay aylarından çəkilməyə başladı. Çox böyük büdcəli filmdir. Professional insanlarla çalışdıq. Rejissorumuz Emil Quliyev, operatorumuz Orxandır. Filmdə professional aktyorlar - Nofəl Şahlaroğlu, Ülvi Həsənli, Azər Aydəmir kimi aktyorlar çəkilib. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm.
Filmin rejissoru Emil Quliyev təklif etdi ki, iş adamı dostumuz var. Onun Fəlakət obrazına qarşı xüsusi simpatiyası var. Sizin işləri bəyənir. Müzakirələr etdik və qərar verdik. Hazırlıq prosesimiz daha çox vaxt aldı, nəinki çəkilişimiz. Filmi 17 günə çəkdik. Bu dəfə Fəlakətin qohumları yanında olmayacaq. Məhlə uşaqları - yeni obrazlar var. Fəlakət elə vəziyyətlərə düşür ki, "Bozbash Pictures" - də heç vaxt belə olmayıb. Məkanlar film üçün xüsusi olaraq tikilib. Fəlakətin evi, məhəlləsi, məhkəmə səhnəsi xüsusi hazırlanıb. Düşünürəm ki, fərqli film olacaq. Reytinqinə  gəlincə isə buna tamaşaçı qərar verəcək. Həmişə filmlərimizi tamaşaçıların öhdəsinə buraxmışıq. Sevirlərsə, demək düz yoldayıq. Filmdə Fəlakət saflığından bilmədiyindən başına işlər gəlir. Sonda bir-birlərini başa düşürlər, hadisədən yaxşı qurtarırlar. Filmimizdə söyüş yoxdur. Şəxsi fikrim odur ki, olmasın. Çünki mənim izləyicilərim sırasında balaca uşaqlar da var. Onlara  görə heç vaxt bunu edə bilmərəm. Kimsə edirsə, öz fikridir. Tənqidlərə  hazıram. Tənqid olmasa, inkişaf  olmaz. Filmdə özümün də güldüyü səhnələr oldu.Taleh Yüzbəyovla olan səhnəmizə gülmüşdüm. Azər Aydəmirlə olan səhnə də gülməli idi."

Aktyordan  Fəlakətə qohumlarından kənar çəkildiyi filmdə necə duyğular yaşadığını da öyrəndik :

"Mənəvi tərəfdən bir az çətin oldu, amma öhdəsindən gələ bildik."

Filmin mövzusuna gəlincə isə “Fəlakətin ailəsi, uşaqlığı, yaşadığı məhəllə və şəxsi həyatı işıqlandırılmışdır ki, bu da onu daha yaxından və başqa tərəfdən tanıdacaq. Problem bir biznesmenin Fəlakətin yaşadığı məhəlləni sökmək qərarından sonra başlayır. Qəhrəmanımız irəli atılaraq bu problemi aradan qaldırmaq və zalım biznesmeni cəzalandırmaq qərarına gəlir. Amma o, Fəlakətdir axı– qeyri adekvat olması onun bütün planlarını alt-üst edir və problem daha da ağırlaşır. Fəlakət bu vəziyyətdən çıxış yolu tapacaqmı?”

Qeyd edək ki, filmin baş prodüseri Cəfər Axundzadə, prodüser Məmməd Məmmədov, rejissor Emil Quliyev, operator Orxan Abbasoff, ssenari müəllifləri Emil Quliyev və Vüsal Əhmədzadə, quruluşçu rəssam Arif Niftiyev, ikinci rejissor Çingiz Həsənov, geyim üzrə rəssam Olqa Şabanova, qrim üzrə rəssam Polina Tkaçenko, art direktor Pərviz Babayev, səs rejissoru Ramzes, səs operatoru Sergey Netrunenko və icraçı prodüser Azər Aydəmirdir. 
Film noyabrın 22-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq. Tədbirin təşkilinə “Cinemazadeh” dublyaj studiyası, Cinema Distribution, “El Portalon” ispan restoranı və Ganja Sharab dəstək olublar. “CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Tural Hüseyn

Fotolar: Ramin Qurbanov