“Qızqaçırtma” filminin sayca üçüncüsü təqdim edildi – FOTO/VIDEO

21-12-2019, 14:31
A+
A-

Ötən gün Flame Towersda yerləşən Park Cinema İmax Kinoteatrında “Qızqaçırtma” filminin sayca üçüncüsünün təqdimatı keçirilib.

Magazinews.Az xəbər verir ki, qala gecədə səbəbkarları həmkarları və tanınmış incəsənət nümayəndələri yalnız buraxmayıb.

İlk olaraq, filmin yaradıcı heyəti qırmızı xalıya dəvət olunub. Filmin “Brand Wall”un önündə qəhrəmanlar media nümayəndələrinin onlara ünvanladığı sualları cavablayıblar.

Filmin rejisssoru Rüfət Şahbazov ekran işi barədə məlumat verib:

“Qızqaçırtmanın öncəki filmləri kimi bu da uğurlu olar. Biz filmin yaxşı və pis olmasını deyə bilmərik. Buna tamaşaçılar qiymət verəcək. Biz sadəcə həmişəki kimi əziyyət çəkmişik. Çox gülməli olduğunu deyə bilərəm. Artıq seanslarımız başlayıb. Bizə ayrılan maliyyənin kommersiya filmləri sırasında əla olduğunu deyə bilərəm. Kommersiya sirrini isə deyə bilmərəm. Əsas çəkiliş səhnələrimiz Bakı, Lerik, Lənkəran və Astarada oldu. Bizə şərait yaratdıqlarına görə, cənub bölgəsinin bütün sakinlərinə təşəkkür edirəm. Kino çəkmək istəyirsinizsə, cənub bölgəsində çəkin”. 

Ekran işində əsas obrazlardan birinə həyat verən aktyor Fərda Amin filmlərindən əmin danışıb:

“Filmimizin üçüncü hissəsini çəkdik. Bura qədər gəlib çıxmağımız öncəkilərin uğurlu olduğu deməkdir. Son olub-olmayacağına isə istehsalçılar qərar verəcək. Filmimizin bir və ikidən daha maraqlı olduğunu deyə bilərəm. Çünki Nicat Rəhimov, İlkin Miskərli bizə qoşulub. Əmin olun ki, çox güləcəksiniz. Baxanda çox pul xərcləndiyini görəcəksiniz”.


Sözügedən filmdə son dəfə çəkildiklərini bildirən müğənnilər Sevil-Sevinc bacıları çəkilişləri barədə açıqlamalar verib:

“Bu filmlərin bizim üçün böyük uğur gətirdiyini hər zaman təəsüratlarımızda bölüşürük. Nicat və İlkinin gəlişi bizim üçün yeni nəfəs oldu. Hamı dənizdə istirahət edəndə biz çəkiliş meydançasında başımıza gün vura-vura işləyirdik. Təhlükəli anlara da özümüz çəkilmişik, kaskadyorlar olmayıb. Bu bizim yer aldığımız son “Qızqaçırtma” filmidir. Bundan sonra çəkilsə belə, bizi görməyəcəksiniz”. 

Daha sonra filmin nümayişi olub. Böyük alqışlarla və tamaşaçı gülüşü ilə qarşılanan filmin yaradıcı heyəti səhnəyə çıxaraq, qonaqlara təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, ekran işinin rejissoru Rüfət Şahbazov, senari müəllifləri Ənvər Abbasov, Samid Ağayev, Elnur Hüseynovdur. Quruluşçu operatoru isə Əhməd Baraşovdur. Filmdə əsas rolları aktyorlar Fərda Amin, Nicat Rəhimov, Elşən Hacıbabayev, Kənan Yusif, Ənvər Abbasov, İlkin Miskərli və müğənnilər Sevil & Sevinc bacıları canlandırıb.


Tural Hüseyn  
Fotolar: Ramin Qurbanov    
Magazinews.Az