“TV rəhbərləri müğənnilərə qonorar verməyərək onları istismar edir”

23-02-2021, 11:04
A+
A-

Uzun illərdir Almaniyaya köçərək orada yaşayan müğənni Qismət Xatirə İslamın efirə çıxmaq qarşılığında TV rəhbərlərindən qonorar tələb etməsini dəstəkləyib.

“Qafqazinfo” xəbər verir ki, ifaçı “YouTube” platformasında yaydığı açıqlamada X. İslama etiraz edən aparıcıların haqsız olduğunu bildirib:

Azərbaycanın bir çox tanınmış aparıcıları müğənni Xatirə İslamın efirə çıxmaq müqabilində qonorar istəməsi barədə açıqlamasına rəy veriblər.

“Bizdən nə üçün pul istəyir? Əgər belə olarsa, biz onu efirə dəvət etməyəcəyik, Xatirə unudulub gedəcək. Xatirə hansı performansına görə bizdən pul istəyir? Axı o, dünya ulduzu deyil”, - deyə bildiriblər. Bu sözləri deyənlərin özləri və proqramları dünya səviyyəli deyil. Belə qüsurlu müqayisəni anlaya bilmirəm. Xatirənin sənətinin keyfiyyəti, performansı sizi qane etmirdisə, bəs nə üçün verilişə dəvət edirdiz? Demək ki, insan pulsuz gələndə sənəti sizi qane edir, lakin haqqını tələb edib qonorar istəyirsə, sənətinin keyfiyyəti sizi qane etmir! Bunun adı yumşaq desək, ikiüzlülükdür".



Hələ bir aparıcı (Afaq Gəncəli- red.) deyib ki, Xatirə İslam toylara gedir, o, niyə efirlərdən qonorar almalıdır? Aparıcıların bəziləri toylara gedir, qonorar alırlar. Lakin bunun onların kanalda aparıcılıq müqabilində aldıqları maaşa aidiyyatı olmur. Bilirsiz ki, bir çox dünyaca populyar ulduzlar Rusiyada yaşayan varlı həmyerlilərimizin məclislərində çıxış ediblər. Amma bu, nədənsə öz və başqa ölkələrində efirə çıxmaq üçün tələb etdikləri qonorara mane olmayıb. Əziz teleaparıcılar, siz də bir incəsənət üzvüsüz. Siz Xatirəni tənqid etməli yox, dəstək olmalı idiz. Əgər bir müğənniyə qonorar veriləcəksə, bunu təyin edən siz yox, sizin işçisi olduğunuz telekanal rəhbərlikləridir.

“Əgər müğənnini efirə çağırmasaq, unudularlar” kimi düşüncədə olan aparıcılara demək istəyirəm ki, 21-ci əsrdə müğənniləri belə təhdid etmək mümkün deyil. “YouTube” kimi bir platforma var, müğənni istədiyi mahnını paylaşaraq özünü təbliğ edə bilər. Nəzərə alsaq ki, Azərbaycan tamaşaçısı aparılan sorğulara cavab olaraq bildirib ki, yerlidən çox, xarici kanallara baxırlar. Bu zaman sizin dediyiniz sözlərin aktuallığı ölür”.


Qismət qeyd edib ki, kanal rəhbərləri incəsənət üzvlərini istismar edir:

“Bir prodakşın rəhbəri (Oqtay Əliyev – red.) deyib ki, əgər mən Xatirəyə pul ödəyəcəmsə, o zaman tələblərim başqadır. Belə ki, fərqli geyinməli, şou göstərməli, ətrafında rəqqaslar olmalıdır. Burada iki məsələ var. Birincisi bu, Azərbaycan kanallarında olan proqramların nə vəziyyətdə olduğunu göstərir. Əgər mən müğənniyə pul vermirəmsə, demək, ondan heç bir keyfiyyət tələb etməyəcəm. Ki, hazırda vəziyyət belədir. Prodakşın rəhbəri bilməlidir ki, müğənniyə pul verilsə və verilməsə də, onların borcu efirə dəvət edən müğənnidən keyfiyyət tələb etməkdir. Əks halda, indi olduğu kimi verilişlərdə qeyri-peşəkarlar dəvət olunur.  Belə baxan halda, demək ki, Xatirə İslam həqiqətən də haqlıdır.

Müğənninin şou göstərməsinə gəldikdə isə bilməlidir ki, Sovet dövründə ifaçılar efirə çıxıb, heç bir şou göstərmədən kənarda dayanıb mahnı oxuyurdular. Buna baxmayaraq onlara ifalarından sonra qonorar ödənilirdi. Müğənni efirə gəlirsə, ona qonorar ödənilməlidir. Bunun qarşılığı olmalıdır, əks halda bunun adı istismardır. Siz də incəsənət insanlarını efirə çağırıb qonorar vermirsizsə, demək ki, onları istismar edirsiz”.