Azərbaycan boksunun əfsanələri “Krid-2” də" - FOTO/VIDEO

9-01-2019, 18:01
A+
A-

Azərbaycan boksunun əfsanələri “Krid-2” filminin qapalı nümayişinə gəliblər.

Magazinews.Az xəbər verir ki, “Park Cinema Park Bulvar” kinoteatrında əfsanəvi Rokki Balboa (Silvestr Stallone) və onun yetirməsi Adonis Krid (Maykl B. Cordan) haqqında rejissor Stiven Keyplin “Krid-2” filminin qapalı premyerası keçirilib.

Filmin süjetinin “Rokki-4” filminin süjeti ilə əlaqəsi var. Həmin filmdə Stallonenin personajı sovet boksçusu İvan Draqoya (Dolf Lundqren) qarşı döyüşürdü. Onların qarşıdurması artıq daha yüksək səviyyəyə çatıb. Belə ki, bir neçə il bundan öncə Kridin atasını rinqdə öldürən Draqo Balboanın yetirməsi olan Adonis Kridə qarşı öz yetirməsi və oğlu Viktoru çıxarır.

“Krid-2” filmində digər rol alan digər aktyorlara gəldikdə isə Filisiya Raşad, Andre Uord, Vud Harris, Briqqita Nilsen, Maylo Ventimilya, həmçinin dünya boksunun əfsanələri – Evander Holifild, Roy Cons, Şuqar Rey Leonard da çəkilib.

“Park Cinema Park Bulvar”da keçirilmiş premyeraya Azərbaycan boksunun tanınmış simaları, ölkəmizin boks üzrə ilk dünya çempionu Ağası Məmmədov və Azərbaycanı peşəkar rinqdə uğurla təmsil edən Əli İsmayılov təşrif buyurub.Təqdimatda Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova, ölkənin aparıcı idman jurnalistləri də tədbirə gələnlərin sırasında idi.

“Park Cinema”nın piar meneceri Rüstəm Fətəliyev açıqlamasında “Azərbaycan idmanının əfsanələrinin tədbirimizdə iştirakı bizim üçün çox önəmli idi. Dəvətimizi qəbul etdikləri üçün onlara minnətdarlığımızı bildiririk. Filmə gəlincə, bu film “must-watch” kateqoriyasına aiddir. Əminəm ki, tamaşaçılar ondan həzz alacaqlar” söyləyib.

Qeyd edək ki, “Park Cinema” Azərbaycanın ən texnoloji kinoteatrlar şəbəkəsidir. Tərkibində “Flame Towers”də yerləşən “IMAX 3D”, “Park Bulvar”da fəaliyyət göstərən “LaseR” və “Metropark”dakı “Birkart Dolby Atmos” zalı var. “Park Cinema” IMAX 3D formatı ilə təchiz olunmuş Azərbaycanın yeganə kinoteatrlar şəbəkəsidir. Biletləri “Park Cinema”nın rəsmi saytında (www.parkcinema.az), iOS və Android üçün tətbiq olunmuş əlavələrdən əldə edə bilərsiniz.