Akademik Musiqili Teatrda Yeni il tamaşaları

27-11-2019, 11:04
A+
A-

Hər il olduğu kimi, bu il də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2020-ci il – Yeni il bayramı münasibəti ilə hazırlıq işlərinə başlanılıb.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, yaradıcı kollektiv qış tətili günlərində uşaqların mənalı istirahətini təmin etmək üçün bu dəfə onları bayram əhval-ruhiyyəli “Şaxta baba, Bremen musiqiçiləri və Penin nağılı” tamaşası ilə sevindirəcək.

Maraqlı və macəra dolu yeni il tamaşaları 27 dekabr 2019-cu il tarixindən - 05 yanvar 2020-ci il tarixinədək hər gün dörd seans olmaqla - saat 10:30, 12:30, 14:30 və 16:30-da nümayiş olunacaq. Tamaşada Yeni il bayramının rəmzləri olan Şaxta baba, Qar qız və balacaların sevimli nağıl qəhrəmanları onları duzlu-məzəli söhbətləri ilə əyləndirəcək və sonda hədiyyələrlə sevindirəcəklər.

Rəngarəng dekorasiyaları, işiq effektləri, şən musiqilərı və teatrın balet truppasının rəqsləri ilə zövq oxşayan tamaşanın quruluşçu rejissorları Anar Babalı və Zaur Əliyev, quruluşçu baletmeysterləri – Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, quruluşçu rəssamı Afaq Bayramova, rejissoru Elməddin Dadaşovdur.

Bayram tamaşasında rolları Əməkdar artist Novruz Qartal, aktyorlar - Əmrah Dadaşov, Ruslan Mürsəlov, İrana Kərimova, Pərvin Dadaşova, Zaur Əliyev, Zarina Qurbanova, Mehriban Rəcəbova, Eleanora Mehdiyeva, Nərmin Əliyeva, Fərid Rzayev, Murad Əliyev, Elməddin Dadaşov, Əli Kərimov, Elnur Zeynalov, kiçik yaşlı aktyor Rahib Məmmədzadə ifa edəcəklər.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı hər kəsi Yeni ili teatrda birlikdə qarşılamağa dəvət edir.

Qeyd edək ki, hədiyyəli biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə etmək olar.