Azərbaycan animasiya filmi Annecy festivalı müsabiqəsində
“Hədis” qısametrajlı animasiya filmi 2022-ci ilin sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan Türkü Hədis Nəcəfiyə həsr olunub, İranda gender, etnik və mədəni ayrıseçkiliklə mübarizə aparanlara ithaf olunub.
MAGAZINEWS xəbər verir ki, Hədis hazırda İranda Azərbaycan müqavimətinin və etnik mübarizənin simvolu kimi də hörmətlə qarşılanır. “Hədis” rəsmən bu ilin Annecy Beynəlxalq Animasiya Filmləri Festivalının müsabiqəsinə daxil edilib. Bu festival bütün dünya ölkələrində istehsal olunmuş animasiya filmlərindən ən yaxşılarını nümayiş etdirən aparıcı animasiya festivalı kimi tanınır. Annecy müsabiqəsinə daxil edilmək Azərbaycan kino sənayesi üçün mühüm nailiyyətdir.
Rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyev olan “Hədis” simvolik olaraq qarğaların hökm sürdüyü ədalətsiz dünyada haqq-ədalət uğrunda mübarizə aparan gənc qız haqqındadır.
Filmin ssenari müəllifləri İsmayıl İman və Nəzrin Ağamalıyeva, filmin məsləhətçisi Məsud Pənahi, aparıcı animatoru Andrea Szelesovádır. Filmin montajını Jorge Sánchez Calderón həyata keçirib. Filmə musiqini Ondřej Zavadil yazıb. Filmi Zöhrə Kərimi səsləndirib. Filmin partiturasında Azərbaycanın məşhur musiqiçisi Sevda Ələkbərzadənin musiqisi səslənir.
“ANİMAFİLM Studio” animasiya studiyasının istehsal etdiyi “Hədis” filmi “Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzi”nin maliyyə dəstəyilə çəkilib. Azərbaycan Animasiya Assosiasiyası və “Əkinçi” platforması filmə media dəstəyi verib.