Musiqili Teatr bu dəfə Şəkidə çıxış edəcək

26-06-2023, 09:30
A+
A-


İyulun 10-da saat 18:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Şəki Dövlət Dram Teatrında Ulu öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrın 150 illik yubileyi ilə əlaqədar “Sən elə bir zirvəsən!..” tamaşası ilə çıxış edəcək.

Bu barədə saytımıza məlumat  sözügedən teatrdan daxil olub.

“Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu layihənin rəhbəri teatrın direktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır”.

Musiqili tarixi-esse kimi hazırlanan səhnə əsərində teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak edəcəklər.

Xatırladaq ki, Musiqili Teatrın bu tamaşası iyunun 19-da Gəncədə də nümayiş olunub.